Bölgələr

Cocuq Mərcanlı kəndinin bərpasından bir il ötür

14-06-2018 | 12:20        

  

Yaxın tariximizin parlaq səhifələrindən biri, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışından bir il ötür. Prezident İlham Əliyevin Cocuq Mərcanlının bərpası ilə bağlı tarixi qərarı Böyük Qayıdışa inamı daha da artırdı. Bir il əvvəllədək Cocuq Mərcanlıda uçuq-sökük evlərin qalıqları, erməni vandalizmini özündə əks etdirən mənzərə canlanırdısa, indi Cocuq Mərcanlı müasir qəsəbələrdən heç nə ilə fərqlənmir. 

 İki il əvvəl Ermənistanın təxribatı nəticəsində cəbhə bölgəsində baş verən hadisələr bütün azərbaycanlıları hiddətləndirdi. 2016-cı il aprelin 2-də Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törətdi, Azərbaycan Ordusu isə ermənilərin təxribatlarına layiqli cavab verdi, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin müdafiə xətti yarıldı. Müasir və qüdrətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurmaqla strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsini, o cümlədən Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının ərazilərində işğal altında olan hektarlarla torpağımızı tam azad etdi. Milli Ordumuzun Aprel qələbəsi hər bir azərbaycanlını qürurlandırdı.

Aprel döyüşlərindəki parlaq qələbə işğaldan azad edilmiş ərazilərin, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də gücləndirdi.

Bir il əvvəllədək Cocuq Mərcanlıda uçuq-sökük evlərin qalıqları, erməni vandalizmini özündə əks etdirən mənzərə canlanırdı. İndi isə Cocuq Mərcanlı müasir qəsəbələrdən heç nə ilə fərqlənmir... Ötən il yanvarın 24-ü Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” imzaladığı sərəncam nəinki məcburi köçkünlər, ümumilikdə, ölkə əhalisi tərəfindən böyük rəğbətlə qarşılandı, cəmiyyətdə ruh yüksəkliyi, qələbə əhval-ruhiyyəsi yaratdı. Ərazilər minalardan və partlamamış hərbi-sursatlardan təmizləndi. Kənddə evlər dağıdılmış və tamamilə viran edilmişdi. Ölkə başçısının sərəncamından sonra Cocuq Mərcanlı ikinci həyatını yaşamağa başladı.  Burada geniş abadlıq və quruculuq işləri aparıldı. Birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün ilkin olaraq 4 milyon manat ayrıldı... Bundan başqa, kəndə gedən, ümumi uzunluğu 9 km olan avtomobil yolunun tikintisi məqsədi ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,3 milyon manat ayrıldı. İkinci mərhələdə Cocuq Mərcanlı kəndində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparıldı. Evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si isə dördotaqlıdır. Hazırda köç prosesi davam edir. Həmçinin kənddə elektrik, qaz, su xətləri çəkilib və internet şəbəkəsi yaradılıb. Bir sözlə, Cocuq Mərcanlıda normal yaşayış üçün bütün lazımi şərait var.

Beləliklə, “Böyük Qayıdış”ın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və yenidən qurulması işləri böyük sürətlə və keyfiyyətlə həyata keçirildi. 2017-ci il iyunun 14-də prezident İlham Əliyevin iştirakı ilə yeni qəsəbənin açılışı oldu. Cocuq Mərcanlı kəndinin qısa zamanda bərpası, burada aparılan misilsiz quruculuq işləri, 2017-ci ilin yayında cəbrayıllıların doğma yurda qayıdışı- yaxın tariximizin parlaq səhifələrindən biridir. Cəmi bir il ərzində Cocuq Mərcanlıda sakinlərin yaşayışı üçün yüksək səviyyədə şərait yaradıldı. Cocuq Mərcanlılar doğma yurda qayıtmağının sevincini belə dilə gətirirlər.

Cocuq Mərcanlıya qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi üçün də dövlət tərəfindən lazımi tədbirlər görülür. Prezidentin müvafiq sərəncamları əsasında Cocuq Mərcanlı kəndində əkinlərin suvarma suyu ilə təmin olunması üçün nasos stansiyası, suvarma kanalı inşa edildi. Birinci mərhələdə kənddə məskunlaşan ailələr 40 hektar sahədə qarğıdalı, 10 hektarda şəkər çuğunduru, həmçinin bostan-tərəvəz bitkiləri əkiblər. Cocuq Mərcanlıda heyvandarlıq kompleksi, tərəvəz yetişdirmək üçün 15 ədəd istixana, həmçinin suvenir hazırlayan müəssisənin yaradılması da nəzərdə tutulur.

Prezident İlham Əliyevin tapşırığı ilə Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarı olan məscid də inşa edildi. Uzun illərdən sonra Cocuq Mərcanlı məscidində azan oxundu.

Cocuq Mərcanlıya qayıdış Prezident İlham Əliyevin iradəsi və qətiyyəti ilə Qarabağa uzanan yolların açılması, Şuşaya, Xankəndinə qədər aparacaq Qələbə yollarının ilki, başlanğıcı deməkdir...

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR