Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

14-06-2018 | 11:12        

  

2018-ci ilin ilk 4 ayında Almaniya ərazisinə keçməyə cəhd edən 2500-ə yaxın miqrant saxlanılıb

2018-ci ilin ilk 4 ayında Almaniya-Avstriya sərhədində 4600 miqrant polis yoxlamalarına məruz qalıb. Almaniya ərazinə keçməyə cəhd edən 2500-ə yaxın miqrant saxlanılıb. Bu barədə Almaniya federal polisinin rəsmi nümayəndəsi Mattias Knott məlumat verib. Onun sözlərinə görə saxlanılan miqrantların əksəriyyəti Nigeriya, Əfqanıstan,Serbiya, Albaniya və İraq əsillidir. “Polis Almaniya ərazisinə qeyri leqal miqrantları qanun çərçivəsində buraxmır”- deyə Knott vurğulayıb. Polis rəsmisi bildirib ki, sərhədi qanunsuz keçən qaçqınlar miqrasiya məsələləri üzrə federal idarəyə yönləndirilirlər. Qeyd edək ki, Almaniya hökuməti 2015-ci ilin sentyabrından Avstriya ilə sərhəddə nəzarət tətbiq edib. Almaniya ilə yanaşı Şengen zonasına daxil olan digər ölkələr –Avstriya, Fransa, Danimarka, İsveç və Norveç də sərhəddə nəzarəti gücləndirib.

Makedoniya Prezidenti ölkənin adını dəyişdirməkdən imtina edib

Makedoniya Prezidenti George İvanov ölkənin adının dəyişdirilməsi ilə bağlı Yunanıstanla əldə olunmuş razılaşmanı imzalamaqdan imtina edib. Dövlət başçısı Makedoniyanın baş naziri Zoran Zaevin yunan həmkarı Aleksis Tsiprasla razılaşdırdığı sənədə qarşı çıxıb. Razılaşma mətnini Makedoniya Respublikası üçün məğlubiyyət kimi qiymətləndirən George İvanov qərarının qəti olduğunu bəyan edib. Sözügedən razılaşma ölkə vətəndaşlarının da etirazına səbəb olub. Yüzlərlə makedoniyalı paytaxt Skopyedə parlament binası qarşısında toplaşaraq baş nazir Zoran Zaevin Yunanıstanla razılaşdırdığı sənədə etirazını bildirib. Xatırladaq ki, Makedoniya və Yunanıstan baş nazirlərinin keçirdiyi danışıqların yekunu olaraq Keçmiş Yuqoslaviya Makedoniya Respublikasının Şimali Makedoniya Respublikası adlanması ilə bağlı razılıq əldə olunmuşdu. Rəsmi Afina uzun müddətdir ki, qonşu ölkənin adının dəyişdirilməsində israr edir. Onlar hesab edir ki, yalnız Yunanıstanın şimalındakı region Makedoniya adlandırıla bilər.

“Volkswagen” şirkəti dizel qalmaqalı ilə əlaqədar 1 milyard avro cərimə ödəyəcək

Almaniyanın Braunşveyq şəhərinin prokurorluğu “Volkswagen” avtomobil konserninin 1 milyard avro məbləğində cərimə olunması ilə bağlı qərar çxarıb. Şirkət dizel mühərrikli avtomobillərində atmosferə buraxılan işlənmiş qazlarla bağlı göstəriciləri manipulyasiya etməkdə ittiham olunur. Prokurorluq müəyyən edib ki, “Volkswagen” dizel mühərrikli 10 milyon avtomobilində qadağan edilmiş proqram quraşdırıb.  Konsern rəsmi bəyanatında cərimə ilə razılaşdığını və məsuliyyəti üzərinə götürdüyünü bildirib. 

Leysan və daşqın ciddi fəsadlara səbəb olub

Çinin müxtəlif yerlərində leysan və dolu ciddi fəsad törədib. Quandun əyaltində iki gündür davam edən leysan nəqliyyatın hərəkətində problemlər yaradıb, dağıntılara səbəb olub. 26 şəhərdə qasırğa ilə müşayiət olunan leysan xəbərdarlığı edilib. Əyalətin paytaxtı Quançjouda aramsız yağış yollarda uzun tıxaclara səbəb olub. Oxşar vəziyyət Çinin şərqindəki Tzyansi və Şandun əyalətlərində də müşahidə olunur. Burada leysanın səbəb olduğu daşqın nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Şandun, Henan və Hebey əyalətlərinin bəzi yerlərində dolu düşüb, güclü külək ağacları kökündən qoparıb. Təbii fəlakət Fransanın cənubunda da ciddi fəsadlara yol açıb. Sali de Bearn şəhərində leysan nəticəsindıə çaylar məcrasından çıxıb. Küçələrdə suyun səviyyəsi 2 metrə çatıb. Binaların zirzəmiləri dolub, avtomobillərə ciddi ziyan dəyib. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR