Rəsmi xronika

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

14-06-2018 | 10:32        

  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Melania və mən Amerika xalqı adından Sizə və Azərbaycan xalqına Ramazan bayramı münasibətilə təbriklərimizi çatdırırıq.

Ramazan ayının başa çatmasını qeyd etdiyimiz bir vaxtda, biz İslam dininin qonşulara yardım etmək və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmək kimi ədalət və mərhəmət hisslərinə sadiqliyindən qaynaqlanan müqəddəs bir ənənəni xatırlayırıq. Bu bayram dostluqda bir-birinə dəstək olmaq və hər kəsin öz potensialını tam gerçəkləşdirə biləcəyi bir cəmiyyət qurmaq məsuliyyətini yada salır.

Birləşmiş Ştatlar ölkəmizə mühüm töhfələr vermiş və silahlı qüvvələrimizdə ləyaqətlə xidmət etmiş amerikalı müsəlmanlar da daxil olmaqla müxtəlif etiqad sahiblərinin vətənidir.

Bu əlamətdar bayram münasibətilə qarşıdan gələn ildə bütün müsəlmanlara cansağlığı və firavanlıq arzulayıram.

Ramazan bayramınız mübarək olsun!

Səmimiyyətlə,

 

 

Donald Tramp

Amerika Birləşmiş Ştatlarının Prezidenti