Cəmiyyət

Bu il XI sinfi 83 001 nəfər şagird bitirir

14-06-2018 | 10:27        

  

Ölkənin ümumtəhsil müəssisələrində “Son zəng” çalınıb. Bu il XI sinifi 83 min 1 şagird bitirir. Tədris ili başa çatsa da, təhsil infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. 53 məktəb əsaslı təmir olunacaq, qəzalı təhsil müəssisələrinin yerində isə 137 modul məktəb quraşdırılacaq.

“Ümumi təhsildə keyfiyyət ili” elan olunan 2017-2018-ci tədris ili təhsil sistemi üçün əhəmiyyətli il kimi yadda qalır. Bu dərs ilində XI sinfi 83 min 1 şagird bitirir. IX sinif şagirdlərinin sayı 111 min 257, axşam ümumtəhsil məktəblərinin şagirdlərinin sayı isə 658 nəfərdir. Məktəbəqədər, ümumi və ali təhsilin inkişafı,  təlim-tədris şəraitinin daha da yaxşılaşdırılması istiqamətində işlər bu tədris ilində də diqqət mərkəzində olub. Onlarla məktəb tikilib və ya əsaslı təmir edilib. Şagird sayı az olan təhsil müəssislərindən 106-sı modul məktəblərlə əvəzlənib. Həmin modul məktəblər ümimilikdə 6 min şagird yerlikdir.      

Müasir peşə təhsili müəssislərinin yaradılması istiqamətində də işlər davam etdirilir. Bu il 21 peşə məktəbinin bazasında 10 yeni təhsil müəssisəsi istifadəyə veriləcək. Aparılan islahatlar təhsilin bütün pillələrini, o cümlədən məktəbəhazırlığı əhatə edir. Son 3 ildə məktəbəhazırlığın səviyyəsi 65 faizə çatıb ki, bu da 100 min şagird deməkdir. Növbəti tədris ilində bu göstəricinin 75 faizə çatdırılması nəzərdə tutulur. Məktəbəhazırlıq qrupunu bitirən 5 yaşlı uşaqlar 1-ci sinfə müsabiqədənkənar qəbul olunur. Yeri gəlmişkən, 1-ci siniflərə şagirdlərin elektron qəbulu davam etdirilir. Növbəti tədris ilində 1-ci siniflərə 165 min 780 uşağın qəbulu gözlənilir. Təhsilin keyfiyyətinin artırılması bilavasitə müəllimlərdən asılıdır. Müəllimin cəmiyyətdə nüfuzunun daha da yüksəldilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, bu sahəyə üz tutan gənclərin sayı 3 dəfə artıb. Stimullaşdırıcı tədbirlər sayəsində son illər yüksək bal toplayan abituriyentlər arasında müəllimlik ixtisasını seçənlərin sayı artıb. Təkcə ötən il 500 və daha çox bal toplayan 1370 nəfər müəllimlik ixtisasını seçib.