Siyasət

"Cənub Qaz Dəhlizi və Şimali-şərqi Enerji Təhlükəsizliyi" adlı beynəlxalq konfrans keçirilib

14-06-2018 | 08:05        

  

2020-ci ildə Bolqarıstanın qaz istehlakının 25-30%-i Azərbaycan təbii qazının hesabına ödəniləcək. Bolqarıstan ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Bu isə Cənub Qaz Dəhlizi boru kəməri vasitəsi ilə baş tutacaq. Bakıda keçirilən “Cənub Qaz Dəhlizi və Şimali-şərqi Enerji Təhlükəsizliyi” adlı beynəlxalq konfransda TANAP layihəsinin də  əhəmiyyəti vurğulanıb.

Azərbaycan, Cənub-Şərqi Avropa regionu üçün əsas təbii qaz mənbələrindən biridir. Bolqarıstan və digər Avropa ölkələri ilk dəfə təbii qazı şimaldan yox, şərqdən idxal edəcək. Bunu “Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi” mövzusunda beynəlxalq konfransda Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov dedi. Onun sözlərinə görə, Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qaz 2020-ci ildə Bolqarıstana çatdırılacaq. Bolqarıstanın energetika nazirinin müşaviri Rosen Smitçiyev isə bildirdi ki, ölkəsi ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Energetika nazirinin müavini Samir Vəliyev qeyd etdi ki, tərəfdaşlıq layihəsi olan "Cənub Qaz Dəhlizi”  Azərbaycanın, karbohidrogen resursları hesabına qlobal enerji təhlükəsizliyində rolunu gücləndirən növbəti nailiyyətidir. Mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə Əskişəhərdə Trans Anadolu Qaz Boru Kəməri-TANAP-ın  açılışı Azərbaycanın təşəbbüsü və liderliyi ilə irimiqyaslı layihələrin həyata keçirilməsi əzmini bir daha dünyaya nümayiş etdirdi. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi rəhbərinin müavini Denis Daniilidis TANAP-ın reallaşmasının böyük uğur olduğunu vurğuladı.

Azərbaycan-Bolqarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Rauf Əliyev bildirdi ki, TANAP-ın reallaşması ölkəmizin həm iqtisadi, həm də siyasi cəhətdən nüfüzunu daha da artırır.

“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Elmir Musayev də dedi ki, TANAP, Azərbaycanı Avropa üçün etibarlı tərəfdaşa çevirəcək.

SOCAR-ın nümayəndəsi Kamran Hüseynov, “Bulqarqaz"ın İdarə Heyətinin sədri Botyo Velino və digər çıxış edənlər layihənin əhəmiyyətindən danışdılar. Bildirildi, layihənin icrası nəticəsində Cənub-Şərqi Avropanın yeni qaz mənbələrinə çıxışı asanlaşacaq.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR