Siyasət

Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi qardaş Türkiyədə də tarixi hadisə kimi qiymətləndirilir

13-06-2018 | 13:59        

  

Azərbaycan qazını Türkiyəyə, daha sonra isə Avropaya çatdıracaq Trans-Aanadolu qaz kəmərinin istifadəyə verilməsi qardaş Türkiyədə də tarixi hadisə kimi qiymətləndirilir. Nüfuzlu ekspertlər, ictimai-siyasi xadimlər qeyd edirlər ki, TANAP layihəsinin reallaşması ulu öndər Heydər Əliyevin uzaqgörən enerji strategiyasının Prezident İlham Əliyev tərəfindən yeni nəfəs verilərək, uğurla davam etdirilməsinin təzahürüdür.

Azərbaycanın milli mənafelərini regional və qlobal maraqlarla birləşdirən unikal layihə, maliyyələşmə ilə bağlı mühüm qərarlar, geostrateji məsələlərlə bağlı diplomatik səylər və təqribən 3 il ərzində tamamlanan tikinti işləri. Bütün bu proseslərin uğurla başa çatdırılması Trans-Anadolu qaz kəməri - TANAP-ın ərsəyə gəlməsi ilə nəticələndi. “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir, TANAP tarixi layihədir, bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq” Azərbaycan Prezidenti İlham Əliyevin Əskişəhərdə Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi ilə bağlı təşkil edilən təntənəli mərasimdə səsləndirdiyi bu fikirlər tədbir iştirakçıları, müxtəlif nüfuzlu dairələrin nümayəndələrinin fikrincə, layihənin əhəmiyyətinin ən dolğun ifadəsidir. Eyni zamanda qeyd edilir ki,  Azərbaycan Prezidentinin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla birlikdə, təşəbbüsün yarandığı ilk gündən xəttin istifadəyə verilməsinə qədər, bütün mərhələlərdə TANAP-a verdikləri ciddi dəstək və nümayiş etdirdikləri qətiyyət olmasaydı, layihə həyata keçirilə bilməzdi.

Mərasim iştirakçıları onu da qeyd etdilər ki, TANAP - ulu öndər Heydər Əliyevin uzaqgörən enerji strategiyasının, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təzahürüdür.

TANAP həm Azərbaycanın, həm də qardaş Türkiyənin geosiyasi mövqeyini daha da möhkəmləndirdi, Avropa İttifaqı ölkələri üçün enerji mənbələrininin diversifikasiyası kimi mühüm məsələnin həllində ciddi hadisə oldu. Trans-Anadolu qaz kəməri layihəsinin qlobal əhəmiyyətini nüfuzlu beynəlxalq ekspertlər də təsdiq edirlər.

İlk mərhələdə illik 16 milyard kub metr qazın nəqlinə imkan verən TANAP-ın ötürmə qabiliyyəti sonrakı illərdə 31 milyard kub metrə qədər artırılacaq. Hal-hazırda yeddi ölkəni və bir çox şirkəti birləşdirən TANAP-a gələcəkdə yeni iştirakçıların da qoşulması gözlənilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, TANAP  enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.