Siyasət

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik olunur

13-06-2018 | 13:31        

  

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik olunur. Dəyişiklik Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirə edilib.

“İnformasiya əldə etmək haqqında” qanunun 30-cu-İnformasiyanın açıqlanması üsulları maddəsi yenilənir. Yeni əlavədə qeyd olunur ki, büdcə təşkilatları, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondları, səhmlərinin 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatların, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan təsdiq edir.

Müzakirələr zamanı çıxş edənlər dəyişikliyi vacib sayaraq bildirdilər ki, bu ictimai nəzarət və informasiya əldə etmək imkanlarını gücləndirəcək, şəffaflığı artıracaq. Diqqətə çatdırıldı ki, 2005-ci ildə qəbul olunan “İnformasiya əldə etmək haqqında” qanuna ötən müddətdə 32 müvafiq dəyişiklik edilib, sənəd daha da təkmilləşdirilib. Sözügedən dəyişiklik açıq hökumətin fəaliyyətinin təşviqinə yönəlib. İclasda millət vəkilləri komitə sədrinin müavini Yevda Abramovu 70 illik yubileyi və Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni və Milli Məclisin Fəxri medalı ilə təltif edilməsi münasibəti ilə təbrik etdilər. Yevda Abramov onun fəaliyyətinə verilən belə yüksək qiymətə görə dövlətə və ölkə başçısına təşəkkürünü bildirdi.