Xarici xəbərlər

“Mən əleyhinəyəm” təşəbbüs qrupu İrəvanda itaətsizlik aksiyasını bərpa etməyə hazırlaşır

13-06-2018 | 11:07        

  

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. İşğalçı ölkənin vətəndaşları indi də yeni hökumətə qarşı çıxırlar. İrəvanda itaətsizlik aksiyalarının bərpa olunması qərara alınıb.

“Mən əleyhinəyəm” vətəndaş təşəbbüs qrupu İrəvanda itaətsizlik aksiyasını bərpa etməyə hazırlaşır. Təşkilatdan bildirilir ki, onların əvvəlki tələbləri olduğu kimi qalır. Aksiyanın məqsədi hökumətin diqqətini ölkədəki sosial-iqtisadi problemlərə çəkməkdir. Təşəbbüs qrupunun üzvü David Manukyanın sözlərinə görə, onlar “məxməri inqilab”ın nəticələrindən razı deyillər. Daha yeni sistemə də etibarları yoxdur. İtaətsizlik aksiyası zamanı pensiya sistemi üzrə məcburi komponentin ləğv edilməsi də tələb kimi qoyulacaq. Vətəndaşlar hökumətin onların əmək haqlarından qeyri-qanuni olaraq tutduğu 5% məbləğin qaytarılmasını istəyirlər. Bununla bağlı 3 ilə yaxındır ki, dövlət qururmlarına şikayət edilsə də ümüdlər boşa çıxır. Bildirilir ki, hökumət bu addımla Ermənistan iqtisadiyyatındakı boşluqları doldurmağa çalışır. Əvəzində isə onsuzda cüzi əmək haqqı alan vətəndaş əziyyət çəkir. Yeni pensiya sistemi üzrə 40 yaşından aşağı Ermənistan vətəndaşlarının aylıq əmək haqqının 5 faizi məcburən xüsusi pensiya fondunda onun adına açılmış əmanət hesabına keçirilir. Bu məsələ hökumətin iclasında müzakirə olunsa da müsbət nəticə əldə olunmayıb. Əvəzində əmək və sosial məsələlər naziri Mane Tandelyan istefa verib. O, həmçinin uzun illərdir üzvü olduğu “Çiçəklənən Ermənistan” partiyasının sırlarını tərk edib. Tandelyan hökumətin qərarları ilə razılaşmadığı üçün belə bir addım atdığını bildirib. Etiraf edib ki, Ermənistanı naşı insanlar idarə edir və onun bu oyunda iştirak etmək niyyəti yoxdur. Tandelyanın sözlərinə görə, deputat olduğu müddətdə də pensiya sistemi üzrə məcburi komponentin ləğvinə qarşı çıxıb. Hətta Nikol Paşinyan belə ona dəfələrlə dəstək olub. Nədənsə indi Paşinyan əvvəlki hökumətin absurd qərarını dəstəkləyir. “Mən əleyhinəyəm” vətəndaş təşəbbüs qrupu üzvlərindən Levon Arutunyan isə deyir ki, haqsızlığa göz yummaq və susmaq fikirləri yoxdur. “Məxməri inqilab” heç nəyi dəyişməyib. Köhnə problemlər və suallar olduğu kimi qalıb. Arutunyanın fikrincə iyunun 12-də baş nazirin iştirakı ilə keçirilən səsküylü iclas sadəcə gözdən pərdə asmaq üçündür. Reallıq isə odur ki, ölkədə iqtisadiyyatın fəaliyyəti üçün labüd olan mexanizmlər işləmir. Deməli, Ermənistanda vəziyyət bundan sonra daha da pisləşəcək. Onsuz da hökumətin gözlədiyi kimi, əhalidən tutulan 5 faiz vəsait də  iqtisadiyyatda hər hansı müsbət irəliləyiş yaratmayıb. “Mən əleyhinəyəm” təşəbbüs qrupu strateji əhəmiyyət kəsb edən müəssisələri də onlara qoşularaq və tətil keçirməyə çağırıb.