Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

13-06-2018 | 11:01        

  

Parlament Böyük Britaniyanın Aİ-dən çıxmasına dair planı qəbul edib

Böyük Britaniya hökumətinin ölkənin Avropa İttifaqından çıxmasına dair planı parlamentin İcmalar Palatasında səsverməyə çıxarılıb. İcmalar Palatasının 324 üzvü planın lehinə, 298 üzvü əleyhinə səs verib. Səsvermənin nəticələri baş nazir Tereza Mey üçün ümidverici olsa da, bunun üçün o, lideri olduğu Mühafizəkarlar partiyasında “Breksit” əleyhdarlarına güzəştə getmək məcburiyyətində qalıb. Nəticədə parlament “Breksit” prosesinə daha çox nəzarət etmək imkanı əldə edib. Qeyd edək ki, Britaniya Avropa İttifaqından rəsmi olaraq 2019-cu ilin martında çıxacaq. Bundan sonra 21 aylıq keçid dövrü başlayacaq. Bu müddət ərzində rəsmi London və Brüssel gələcək tərəfdaşlığa dair razılığa gəlməlidir. Keçid dövründə Britaniya tərəfi qərarların qəbulunda iştirak edə bilməyəcək, lakin Avropa İttifaqı qaydalarına əməl etməli, büdcəyə ödəmələri davam etdirməli və Avropa Ədalət Məhkəməsinin qərarlarını tanımalı olacaq.

Berlində kansler Angela Merkellə avstriyalı həmkarı Sebastian Kurts arasında görüş keçirilib

Berlində Almaniya kansleri Angela Merkel avstriyalı həmkarı Sebastian Kurtsla görüşüb. Tərəflər Avropa İttifaqının miqrasiya siyasətini müzakirə ediblər. Görüş iştirakçılarının fikrincə miqrasiya siyasətində prioritet məsələ Avropa İttifaqının xarici sərhədlərinin mühafizəsidir. Kurts bildirib ki, “Frontex” sərhəd nəzarəti xidmətinin işi daha operativ və səmərəli olmalıdır. Angela Merkel öz növbəsində bu məsələdə avstriyalı həmkarı ilə fikirlərinin üst-üstə düşdüyünü bildirib. Qeyd edək ki, iyulun 1-dən başlayaraq rotasiya qaydası ilə Avropa İttifaqı Şurasının sədrliyi Bolqarıstandan Avstriyaya keçəcək. Sebastian Kurtsun sözlərinə görə o, əsas diqqəti miqrasiya məsələlərinə ayıracaq.

Parisdə bir neçə nəfəri girov götürən şəxs saxlanılıb

Fransanın paytaxtı Parisdə binalardan birində bir neçə nəfəri girov götürən şəxs saxlanılıb. Girov götürülənlər isə azad edilib. Bu barədə ölkənin daxili işlər naziri Jerar Kolon məlumat verib. Saxlanılan şəxsin 27 yaşlı Mərakeş vətəndaşı olduğu bildirilir. Onun üzərində partlayıcı qurğu və ya silah aşkarlanmayıb. Polis hadisəni törədən şəxsin psixi pozğunluqdan əziyyət çəkdiyini bildirib. Faktla bağlı araşdırmalar davam edir.

Ordu Hudeydə şəhərində genişmiqyaslı əməliyyatlara başlayıb

Yəməndə  hökumətə bağlı hərbi birləşmələr Husi qiyamçılarının nəzarətində olan Hudeydə şəhərini azad etmək üçün  böyük qüvvə ilə hücuma keçib. 3 ildən çoxdur davam edən silahlı münaqişədəki ən genişmiqyaslı əməliyyata koalisiya qüvvələri də dənizdən və havadan dəstək verir. Qiyamçıların mövqelərinə çoxsaylı hava və artilleriya zərbələri endirilib. Beynəlxalq təşkilatlar liman şəhərindəki silahlı toqquşmaların humanitar fəlakətə səbəb olacağından narahatdır. BMT təhlükəsizlik tədbiri çərçivəsində öz əməkdaşlarını şəhərdən uzaqlaşdırıb.  Qeyd edək ki, humanitar böhranla mübarizə aparan Yəməndə 7 milyondan çox adamın ərzaq yardımına ehtiyacı var. Bu yardımlar isə ölkəyə məhz Hudeydə limanından daxil olur. Ötən həftə BMT buradakı silahlı toqquşmaların 250 minədək sakinin həyatına son qoya biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Kaliforniya ştatında meşə yanğınları tüğyan edir

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları tüğyan edir. Təbii fəlakət nəticəsində bir neçə ev yanma təhlükəsi ilə üzləşib. Fəlakət zonasından sakinlərin təxliyəsinə başlanılıb. Alovla mübarizəyə 250 yanğınsöndürən və helikopterlər cəlb olunub. Boliviyanın cənubi Tarixa departamentində də tüğyan edən meşə yanğınları ciddi fəsad törədib. Alov 100 hektardan çox meşə sahəsini məhv edib. Sürəti saatda 80 kilometrə çatan güclü külək vəziyyəti bir az da çətinləşdirir. Qeyd edək ki, ötən il də Tarixa departamentində meşə yanğınları ciddi fəsad törətmişdi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR