Cəmiyyət

Heyvan kəsimi müasir ət kəsimi məntəqələrində həyata keçiriləcək

12-06-2018 | 15:07        

  

Qida təhlükəsizliyi ilə bağlı xidmətlər bundan sonra “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. Bununla bağlı Anlaşma Memorandumu imzalanıb. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında onu da bildirib ki, dövlət başçısının sərəncamına əsasən, ölkə ərazisində heyvan kəsimi müasir ət kəsimi məntəqələrində həyata keçiriləcək.

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncama əsasən, ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların kəsimi müvafiq olaraq stasionar, modul və mobil tipli müasir ət kəsimi məntəqələrində həyata keçiriləcək. Artıq bununla bağlı müvafiq tapşırıqlar verilib. Həm şəhər, həm də rayonlardakı əhalinin sayı və orada yerləşən heyvandarlıq təsərrüfatlarına görə hər zonada neçə ət kəsimi məntəqəsinin fəaliyyətə başlayacağı müəyyənləşdiriləcək. Qida  Təhlükəsizliyi Agentliyinin sədri  Qoşqar Təhməzli bildirdi ki, mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələdə heyvan kəsimi müəssisələrinin sayı və sanitar-gigiyenik vəziyyəti ilə bağlı monitorinq aparılacaq. Bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar Agentliyə müraciət edə bilərlər.

Qida təhlükəsizliyi ilə bağlı xidmətlər bundan sonra “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. Bununla əlaqədar Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalandı. Sənədə əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılması ilə bağlı təşkilati, hüquqi, maarifləndirici işlərin hazırlanması və həyata keçirilməsi “ASAN xidmət” və mərkəzləri vasitəsilə təmin olunacaq. Həmçinin “ASAN xidmət” təcrübəsinin öyrənilməsi, xidmətlərin elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatı, informasiya sistemləri, məlumat bazalarının formalaşdırılması, ASAN könüllülərinin potensialından istifadə olunması, o cümlədən “ABAD” publik hüquqi şəxslə əməkdaşlığın həyata keçirilməsi də nəzərdə tutulur.

Qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması qaydalarını əks etdirən maarifləndirici videoçarx da təqdim edildi.