İqtisadiyyat

Bu ilin ilk 5 ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 1 milyon 56 min sərnişinə xidmət göstərib

12-06-2018 | 14:38        

  

Bu ilin ilk 5 ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 1 milyon 56 min sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqaisədə 11 faiz çoxdur. Beynəlxalq uçuşların artması ölkəmizdə turizmin inkişafına yönələn diqqətin göstəricisidir. Yeri gəlmişkən, Azərbaycanın zəngin turizm potensialı barədə Birləşmiş Ərəb Əmirliklərinin “Dotemirates.com” populyar internet nəşri də yazıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş coğrafiyasını genişləndirməsi, təqdim olunan xidmətlərin sayının və keyfiyyətinin artırması ölkəmizə gələn turistlər üçün də geniş imkanlar yaradır. Bu isə son illər ölkəmizdə turizmin inkişafı naminə görülən işlərə bir töhfədir. Turizm demişkən... Birləşmiş Ərəb Əmirliklərinin “Dotemirates.com” populyar internet nəşri, Azərbaycanın zəngin turizm potensialına həsr edilən məqalə yayımlayıb. Müəllif turistlərə yayı, gözəl təbiəti və bir sıra maraqlı görməli yerləri ilə məşhur olan Azərbaycanda keçirməyi tövsiyyə edir. Yazıda Azərbaycanın ən mühüm və populyar turizm istiqamətlərindən olan, zəngin tarixi və mədəniyyəti ilə müasirliyin bir araya gəldiyi Bakı haqqında  ətraflı məlumat verilir. Bildirilib ki, paytaxtda İçərişəhər, Şirvanşahlar Sarayı, Qız Qalası və digər tarixi görməli yerləri ilə yanaşı, çoxlu gözəl park və muzeylər, o cümlədən 1000-dən çox rəsm əsərinin yer aldığı Müasir İncəsənət Muzeyi, təbiət qoruğu və turistlər üçün xeyli cəlbedici obyektlər var. Yazıda  xarici turistlər arasında məşhur olan Quba və Qəbələ rayonlarının təbiətindən, görməli yerlərindən bəhs edilir. Rayonların  böyük turizm potensialına, inkişaf etmiş müasir infrastruktura malik olduğu bildirilir. Ümumiyyətlə Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə turizm obyektlərinin yaradılması ilə yanaşı, nəqliyyat infrastrukturunun müasir səviyyədə qurulması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. “Azərbaycan Hava Yolları” milli aviadaşıyıcısının payına 631 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 176 min sərnişin düşüb. 1 milyon 343 min sərnişin beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin 31 faizi AZAL-ın, 13 faizi isə “Buta Airways”in payına düşüb. Yanvar-may ayları ərzində bu istiqamətlərə 1 milyon 22 min sərnişin uçub. Aeroport iyun ayından etibarən Bəhreyn Krallığının milli aviaşirkəti “Gulf Air” Bakıya uçuşlar yerinə yetirməyə başlayıb. “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində “Buta Airways” loukosterinin yaradılması da dövlət başçısının aviabiletlərin qiymətinin aşağı salınması ilə bağlı verdiyi müvafiq tapşırığına əsasən görülən işlərdəndir. Hazırda “Buta Airways” ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirir. Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə görə hava limanınlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards"un maksimal “5 Ulduz” statusuna layiq görülüb. İndiyədək bütün dünya üzrə cəmi 8 hava limanının sahib olduğu nüfuzlu “5 ulduz”da Heydər Əliyev Beynəlxalq Aeroportunun yer alıb. Bu gün ən aparıcı aviaşirkətlər buradan dünyanın müxtəlif istiqamətlərinə uçuşları yerinə yetirirlər. Bu isə öz növbəsində hava limanının yüksəksəviyyəli, səmərəli fəaliyyətinin nümunəsidir.