Digər

Ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz artıb

07-06-2018 | 14:41        

  

“Ölkədə son 4 ildə ərzində məktəbəqədər hazırlığın əhatəlilik səviyyəsi 24 faizdən 65 faizə yüksəlib. Bu rəqəmin gələcəkdə 90 faizə çatdırılması planlaşdırılır”. ADA Universitetində “Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi konfransda bu barədə məlumat verilib.

Ötən müddət ərzində Azərbaycanda ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz artıb. Son 4 ildə isə ölkədə məktəbəqədərhazırlığın əhatəlilik səviyyəsi 24 faizdən 65 faizə yüksəlib. Bu rəqəmin gələcəkdə 90 faizə çatdırılması planlaşdırılır. Sumqayıt, Gəncə və Abşeronda məktəbəhazırlıq qruplarına qəbul elektron qaydada aparılacaq.

Təhsil naziri Ceyhun Bayramov onu da deyir ki, yüksək nəticələr ilə ali məktəbə qəbul olunan gənclər arasında müəllimlik peşəsini seçənlərin sayında ciddi artım var. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə isə gələn il 9-cu siniflərlə yanaşı, 11-ci sinif şagirdləri də yeni proqramlar üzrə buraxılış imtahanı verəcəklər.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin 2013-cü ildə təsdiq etdiyi və 5 il ərzində həyata keçirilən “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın nəticələri ADA Universitetində keçirilən 3-cü Beynəxalq Elmi Təhsil konfransında müzakirə olundu. Təhsil ocağının prorektoru Vəfa Kazdal bildirdi ki, tədbirdə yerli ekspertlərlə yanaşı, əcnəbi mütəxəssilər də öz təcrübələrini bölüşəcəklər.

Konfransda nüfuzlu beynəlxalq ekspertlər təhsilin idarəçiliyinə dair təkliflərini səsləndirdilər.

Tədbirdə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına dair 4 istiqamətdə - “Bacarıqlara əsaslanan təhsil məzmunun inkişaf etdirilməsi”, “Təhsil sistemində insan resurslarının müasirləşdirilməsi”, “Şəffaf və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılması” və “Son texnoloji tələblərə cavab verən infrastrukturun yaradılması” ətrafında müzakirələr aparılacaq.