Siyasət

Milli Məclisin komitə iclasında bir sıra qanun layihələrinə baxılıb

25-05-2018 | 15:44        

  

Mayın 25-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu, gənclər və idman komitələrinin birgə iclası keçirilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki məsələlər barədə məlumat verib. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda edilən dəyişikliyə görə, Ələt azad iqtisadi zonasının ərazisində “Ələt azad iqtisadi zonası haqqında” Qanunla müəyyən edilmiş hallarda bu Konstitusiya Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir.

“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə isə gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev məlumat verib. Sənədə “idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunmuş dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək” məzmunlu 7.0.12-1-ci maddə əlavə ediləcək.

“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Qanun layihəsinə ikinci oxunuşda baxılıb. 4 fəsil, 21 maddədən ibarət qanun layihəsi ölkəmizdə dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir. Layihədə dövlət daktiloskopik qeydiyyatı, daktiloskopik məlumat bankı, dövlət genom qeydiyyatı, DNT profili və digər anlayışların izahatı verilir. Qeyd edilir ki, ölkədə dövlət daktiloskopik və genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılır.

Qanun layihəsində deyilir ki, dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində əldə olunan məlumatlar itkin düşmüş şəxslərin axtarışı, naməlum meyitlərin, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi, cinayətlərin və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması üçün istifadə edilir.

Qanun layihəsi qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” sənəd ləğv ediləcək.

“Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə, velosiped və ya arabanı 14 yaşdan, asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini 16 yaşdan, “A”, “B”, “C”, kateqoriyalarına, “B1” və “C1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini 18 yaşdan, “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini 19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə), “CE” daxil olan nəqliyyat vasitələrini 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə), “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini 23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə), “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini 25 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq şərtilə), “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini 26 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmamaq şərtilə) idarəetmə hüququ verilir.

İclasda “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə də baxılıb.

Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirə edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.