Bölgələr

Sabahdan Azərbaycanda ov mövsümü açılır

25-05-2018 | 13:36        

  

Sabahdan Azərbaycanda ov mövsümü açılır. 2018-2019-cu illər üzrə ov mövsümünün başlanması ilə əlaqədar vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin bölgüsü artıq hazırlanıb.

“Azərbaycanda 12 ovçuluq təsərrüfatı və 215 min hektar ərazini əhatə edən ovçuluq sahələri mövcuddur. Sabahdan etibarən gələn ilin mart ayının 16-dək start verilən ov mövsümü də məhz nəzərdə tutulan bu ərazilərdə aparılacaq”. Ekologiya və təbii sərvətlər nazirliyində keçirilən mətbuat konfransında bu barədə məlumat verildi. Bildirildi ki, Azərbaycanda təxminən 20-25 min ovçu var. Ovu yalnız şənbə və bazar günləri ovçuluq bileti olan şəxslər edə bilərlər. Bundan əlavə, xarici ölkə vətəndaşlarının da ovla məşğul olmasını tənzimləmək üçün qaydalar tətbiq edilir.

Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və sərhədyanı rayonların əraziləri, Xəzər dənizinin adaları, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitar-mühafizə zonalarında ov etmək qadağandır. Naxçıvan Muxtar Respublikası ərazisində də ova qadağa qoyulub. Ov etməyin qadağan olunduğu ərzilərdə və qanunsuz ovçuluqla məşğul olanlara qarşı tədbirlər görüləcək.