Siyasət

Fransa “Şərqin birinci dünyəvi parlamentli respublikası: dəyərlər və irs” adlı elmi konfrans keçirilib

25-05-2018 | 13:28        

  

Fransa Beynəlxalq Diplomatiya Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən “Şərqin birinci dünyəvi parlamentli respublikası: dəyərlər və irs” adlı elmi konfrans keçirilib. Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə bildirilib ki, cümhuriyyətin fəaliyyəti dövründə dünya Azərbaycan xalqının yüksək dövlətçilik prinsiplərinə şahidlik edib. Bu gün Azərbaycan dövləti tutduğu inkişaf yolu ilə həmin demokratik dəyərləri layiqincə yaşadır.

“Şərqin birinci dünyəvi parlamentli respublikası: dəyərlər və irs” adlı elmi konfransda Azərbaycan dövlətçiliyinin keçdiyi yol haqqında ətraflı məlumat verildi. Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Rəşad Kərimov müasir Azərbaycanın Xalq Cümhuriyyətinin varisi olduğunu bildirərək ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti sayəsində müstəqilliyimizin qorunub saxlandığını və möhkəmləndiyini vurğuladı. Müasir Azərbaycan Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti müqayisəli təhlil olunaraq hər iki halda müstəqilliyimizin çətin mübarizədə əldə edildiyi bildirildi. AMEA-nın Tarix institutunun şöbə müdiri Natiq Məmmədzadə, Paris Sosial Elmlər üzrə Qabaqcıl Tədqiqatlar Məktəbinin tədqiqatçısı Jorj Mamulya, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri İlqar Niftəliyev 23 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin mühüm uğurlara nail olduğunu dedilər. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev cümhuriyyət dövründə bütün sahələrdə həyata keçirilən islahatlardan və quruculuq işlərindən danışdı. Fransa Senatının üzvü Alən Uper, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri Nərgiz Axundova, tədqiqatçı Edit İber, yazıçı Jan–Pyer Allali də cümhuriyyətin həyata keçirdiyi islahatlardan, xüsusilə də qadınlara səsvermə hüququ verilməsindən danışdılar. Azərbaycanda mövcud dini harmoniya və gender bərabərliyinin təşviqi yüksək qiymətləndirildi.

Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən film nümayiş olundu. Foto və videomateriallardan ibarət sərgi də iştirakçıların marağına səbəb oldu.