Xarici xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

25-05-2018 | 11:26        

  

Ermənistanda siyasi böhran daha da dərinləşir.  İndi də əhali yeni hökumətə qarşı çıxır.  Aksiyalar getdikcə geniş vüsət alır.

Ermənistanda inqilabi həyəcan zəifləsə də, insanlar yeni hakimiyyətdən gözlədiklərini ala bilmədikləri üçün etirazları dayandırmırlar. Bu da  işğalçı ölkədə yeni narazılıq ocaqları yaradır. Ermənistan mətbuatı yazır ki, Respublika Partiyasına birbaşa aid olmayan yüksək çinli məmurlar, o cümlədən, prezident yeni hökumətdən  uzaq durmağa çalışır. Armen Sarkisyan əlindən gələni edir ki, onun adını Paşinyanla bağlamasınlar, çünki o, baş nazirin böyük uğursuzluğa düçar olacağını  proqnozlaşdırır. Siyasi ekspertlər isə  mövcud şəraitin  yaxşı heç nə vəd etmədiyini bildirirlər. Cəmiyyəti daha çox narahat edən Nikol Paşinyanın kadr seçimləridir. Məlumata görə baş nazirin vəzifə verdiyi şəxslər  ona qarşı inamı azaldır. Məsələn, Armen Qriqoryan Təhlükəsizlik Şurasına katib təyin edilib. Bu adam “Serji rədd et” təşəbbüsünün koordinatoru, “Transparency International” təşkilatının eksperti olub. Yəni, Qriqoryan Soros Fondu ilə sıx əlaqələri olan, qərb yönümlü biridir. Orduda xidmət etməmiş bu şəxs bundan sonra Təhlükəsizlik Şurasının katibi olacaq. İrəvan sakinləri mer Taron Marqaryanın və baş prokuror Artur Davtyanın istefasına nail olmağa çalışırlar. Baş nazir isə buna lüzum görmədiyini deyir. Bu da vətəndaşları məyus edib. Hökumət onlardan mayın 23-ə kimi vaxt istəsə də nə mer, nə də baş prokuror istefaya göndərilmədi. Narazı vətəndaşlar meri və baş prokuroru korrupsiyada ittiham edirlər. Elə Təhlükəsizlik Xidmətinin rəisi Artur Vaneçyan da bir neçə gün əvvəl korrupsiya iddiaları ilə əllərində 350 nəfər barəsində fakt olduğunu deyirdi.  Siyahıda yüksək çinli məmurlarla yanaşı, biznesmenlərin də adlarına rast gəlmək mümkündür. İndi isə Artur Vaneçyan bu açıqlamanı təkzib edir. Bildirir ki,  onlar nə  Taron Marqaryan, nə Davityan, nə də digər məmurlar haqqında korrupsiya halları ilə bağlı  araşdırma aparımırlar. Bu açıqlamalardan sonra itaətsizlik aksiyaları bərpa olunub. Narazı vətəndaşlar Sarkisyanın həbs etdirdiyi Sasna Srer qrupunun üzvlərinin və iş adamı Samvel Babayanın azadlığa buraxılmasını da tələb edirlər. Ermənistan Təhlükəsizlik Xidmətindən bildirilir ki, bu şəxslər cinayətkardırlar. Samvel Babayan parlament seçkiləri ərəfisində dövlət çevrilişinə cəhd göstərib. O, ölkəyə “İynə” zenit-raket kompleksinin gətirilməsinə cəhd edib.