Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

25-05-2018 | 11:22        

  

Şimali Koreya ABŞ-la danışıqlar aparmağa əvvəlki kimi hazırdır

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla gələn ay keçirilməsi planlaşdırılan görüşdən imtina etsə də, rəsmi Pxenyan bu ölkə ilə danışıqlar aparmağa əvvəlki kimi hazırdır. Şimali Koreyanın xarici işlər nazirinin müavini Kim Ge Qvan ölkəsinin problemlərin həllinə açıq olduğunu bəyan edib. Nazir müavini sammitin ləğv olunması qərarının təəssüf hissi doğurduğunu deyib. O, bir daha problemləri istənilən vaxt və istənilən formatda həll etməyə hazır olduqlarını bildirib. Xatırladaq ki, Birləşmiş Ştatlar Prezidenti Donald Trampla Şimali Koreya rəhbəri Kim Çen In arasında görüşün iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılmışdı. Mayın 24-də Donald Tramp Şimali Koreyanın son vaxtlar verdiyi bəyanatlarda açıq-aşkar düşmənçilik nümayiş etdirdiyini əsas gətirərək görüşdən imtina edib.

“Facebook” siyasi məzmunlu reklamların yerləşdirilməsi qaydalarını sərtləşdirir

“Facebook” sosial şəbəkəsi siyasi məzmunlu reklamların yerləşdirilməsinə nəzarəti sərtləşdirir. Şirkət sifarişçinin yeri və şəxsiyyətini yoxlayacaq və sifarişçi reklam xərcinin kimin tərəfindən ödənildiyini mütləq göstərməli olacaq. Yeni qaydalar artıq ABŞ-da yaşayan “Facebook” və “Instagram” istifadəçiləri üçün qüvvəyə minib. Yaxın aylarda bu, bütün dünyadakı istifadəçilərə də şamil olunacaq. “Facebook” təsisçisi və rəhbəri Mark Tsukerberq yeni strategiyanın dezinformasiya və seçkilərə müdaxilənin qarşısını almaq məqsədi daşıdığını bildirib. “Twitter” sosial şəbəkəsi də siyasi məzmunlu reklamların yerləşdirilməsi ilə bağlı yeni strategiya həyata keçirmək niyyətindədir. Belə ki, siyasi məzmunlu reklam yerləşdirmək istəyən şəxslər ABŞ-da yaşadıqlarını təsdiqləməli olacaqlar. Qeyd edək ki, yeni qaydalar “Facebook” istifadəçilərinin şəxsi məlumatlarının sızdırılması ilə bağlı qalmaqal fonunda həyata keçirilir. Şirkət ətrafında qalmaqal mart ayında “Cambridge Analytica” şirkətinin on milyonlarla “Facebook” istifadəçisinin şəxsi məlumatlarından istifadə etməsi ilə bağlı xəbərlər yayılandan sonra başlayıb.

Ontario əyalətində restoranda baş verən partlayış nəticəsində 15 nəfər xəsarət alıb

Kanadanın Ontario əyalətində parltayış baş verib. Mississoqa şəhərində hind restoranında qeydə alınan hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyyəti ağır qiymətləndirilir. Polis partlayışla əlaqədə şübhəli bilinən 2 nəfəri axtarışa verib. İlkin məlumata görə şübhəlilər kustar üsulla hazırlanmış partlayıcı qurğunu işə saldıqdan sonra hadisə yerindən qaçıblar.

Saksoniya vilayətində qasırğa daşqına səbəb olub

Almaniyanın Saksoniya vilayətində leysanla müşayiət edilən qasırğa daşqına səbəb olub. Təbii fəlakətdən ən çox Voqtland regionu ziyan çəkib. Daşqın nəticəsində nəqliyyatın hərəkəti iflic olub. Bir neçə magistral yol bağlanıb. Bəzi yerlərdə suyun səviyyəsi 1 metrə çatıb. Onlarla yaşayış evinin elektrik təchizatı kəsilib. Məktəblərin idman zallarında sakinlər üçün müvəqqəti sığınacaqlar yaradılıb. Fəlakət zonalarına 230 nəfərdən ibarət xilasetmə və yanğınsöndürmə briqadası cəlb olunub. ABŞ-ın Havay adalarında isə “Kilauea” vulkanı püskürməkdə davam edir. Lavanın okean suyu ilə təması nəticəsində yaranan zəhərli buludlar insan səhhəti üçün ciddi təhlükə törədir. Dünyanın ən fəal vulkanlarından biri hesab olunan “Kilauea” mayın 3-dən püskürür. Vulkanın püskürməsi nəticəsində 1 nəfər xəsarət alıb, Leilani-Esteyts və Lanipuna-Qardensdə 44-dən çox yaşayış evi və tikili dağılıb, yollarda iri çatlar əmələ gəlib. Fəlakət zonalarından minlərlə adam daha təhlükəsiz yerlərə köçürülüb. Vulkanoloqların fikrincə “Kilauea” vulkanının indiki püskürməsi son 100 il ərzində ən uzunmüddətli ola bilər.