Siyasət

Londonda AXC-nin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

25-05-2018 | 11:10        

  

Londonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan növbəti tədbir keçirilib.

“100 il əvvəl Şərqdə ilk Demokratik Respublikanın qurulması çox mühüm tarixi hadisə idi. Qadınlara səsvermə hüququnu hətta Böyük Britaniyadan əvvəl verən Azərbaycan bu yolda digər ölkələrə nümunə oldu”. Bunu Londonda AXC-nin 100 illik yubileyinə həsr olunan tədbirdə Böyük Britaniya hökumətinin Avropa və Amerika üzrə dövlət naziri Alan Dunkan səsləndirdi. Böyük Britaniyanın Baş naziri, xanım Tereza Meyin təbriklərini Azərbaycan xalqına çatdıran Alan Dunkan, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu ifadə etdi. Dövlət naziri, Azərbaycanla Böyük Britaniya arasında təkcə enerji deyil, təhsil, mədəniyyət, hərbi və digər sahələrdə də münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğuladı. Qarşılıqlı səfərlərin, xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevin Londona son səfərinin ikitərəfli əlaqələrə mühim töhfə verdiyini bildirdi. Britaniya Parlamentinin Lordlar Palatasının üzvü, Lord Mike German da 28 may Respublika günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik etdi.

Ölkəmizin Böyük Britaniyadakı Səfirliyi və bu ölkədə fəaliyyət göstərən Azərbaycan Qadınları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri Nərgiz Paşayeva, Böyük Britaniyanın Avropa və Amerika üzrə dövlət naziri Alan Dunkan,  Londondakı diplomatik korpusun nümayəndələri, Böyük Britaniya Parlamenti Lordlar Palatasının üzvləri, Britaniya hoküməti və Xarici İşlər Nazirliyinin rəsmiləri, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

AXC-nin yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat verən ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə iki dövlət arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrdən də danışdı. Digər çıxışçılar da Azərbaycanın müxtəlif beynəlxalq platformalarda Böyük Britaniya ilə birgə fəaliyyətindən, eləcə də AXC-nin yaranmasının əhəmiyyətindən bəhs etdilər.

Tədbir Azərbaycanin milli musiqisi və ziyafətlə davam etdi.