Siyasət

Daşkənddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib

25-05-2018 | 08:47        

  

Ölkəmizin Özbəkistandakı səfirliyi Daşkənddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi qəbul təşkil edib.

Tədbirdə Özbəkistanın Baş naziri Abdulla Aripov, bu ölkədə akkreditə olunan səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Özbəkistanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bildirib ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tamam olur. Bu tarixi gün böyük hadisə kimi xalqımızın yaddaşına həkk olub. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və qısa müddət ərzində gördüyü işlər haqqında geniş məlumat verib. Diplomat bildirib ki, Şərqdə yaradılan ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımız müstəqil respublika olmağa hazır olduğunu sübut etdi.

Diplomat Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində dövlət, ordu quruculuğu və demokratik dəyərlərin tətbiqi sahələrində görülən işlər haqqında məlumat verib. Bildirib ki, qısa zaman kəsiyində Azərbaycanın dövlət sərhədləri müəyyənləşdirilib, gerbi, bayrağı və himni təsdiq olunub, ölkədə yaşayan bütün millətlərə bərabər hüquqlar verilib, Azərbaycan dili dövlət dili elan olunub.

Səfir bildirib ki, 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edən Azərbaycan xalqımızın ümummilli lideri Heydər Əliyevin apardığı uğurlu siyasət sayəsində demokratik və hüquqi dövlət quruculuğu sahələrində böyük uğurlar qazanıb.

Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlardan söhbət açan səfir qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra qısa müddət ərzində ölkəmiz Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq təşkilatların üzvlüyünə qəbul olunub, həmçinin iki il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.

Diqqətə çatdırılıb ki, Azərbaycan əsrlərboyu müxtəlif mədəniyyət və dinlərin kəsişdiyi məkanda yerləşib. Bunun nəticəsidir ki, ölkəmizdə tolerantlıq və multikultural dəyərlər həmişə ön planda olub.

Səfir Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verərək deyib: “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində xalqımızın mədəni və dini abidələri dağıdılıb. Bu, ATƏT-in faktaraşdırıcı missiyasının hesabatında da əksini tapıb. Azərbaycanda isə Bakının mərkəzində erməni kilsəsi bərpa olunub.

BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib, lakin işğalçı Ermənistan bu nüfuzlu beynəlxalq təşkilatın sənədlərinə də məhəl qoymur və bununla da beynəlxalq ictimaiyyətə meydan oxuyur. Burada demək lazımdır ki, bu təşkilatların qətnamələri bəzən bir neçə saat ərzində icra olunur, Azərbaycan torpaqlarının boşaldılmasına gəldikdə isə, 26 ildən artıqdır ki, bu məsələ kağız üzərində qalıb”.

Səfir Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafından da danışıb, əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylərin artırıldığını qeyd edib.

Tədbir ziyafətlə davam etdirilib.