Bölgələr

Fermerlər üçün 10 milyon manat güzəştli kredit ayrılıb

24-05-2018 | 14:21        

  

Bu vaxtadək fermerlərə kənd təsərrüfatı təyinatlı kredit götürmək üçün paytaxtda daşınmaz əmlaka sahib olması və onu girov  qoyması tələb edilirdi. Artıq bu şərt aradan qaldırılır. Fermerlər elə yaşadıqları ünvanda əmlaklarını girov qoymaqla kredit ala biləcəklər. Kredit almaq üçün tələb olunan sənədlərin sayı da azaldılıb.

Fermerlər üçün güzəştli kreditlərin əlçatanlığı asanlaşdı. Bu gündən fermerlər onlar üçün ayrılan 10 milyon manatlıq vəsaitdən istifadə etmək üçün “Beynəlxalq Bank”, “Paşa Bank”, “Kapital Bank”, “TuranBank”, “Rabitəbank”, eləcə də  “Aqrarkredit”, “Finoko və Finans İnvest” Bank Olmayan Kredit Təşkilatlarının yerli şöbələrinə müraciət edə bilərlər. Kreditlərin minimum məbləği 1000, maksimum isə - 200 min manat olacaq. İllik faiz dərəcəsi 7 faizi keçməyəcək. Bütün bunlar rəqabətədavamlı yeni fermer təsərrüfatlarının yaranmasına imkan verəcək.

Hazırda müxtəlif dövlət qurumları ilə birgə yeni girov mexanizlərinin hazırlanması üzərində iş gedir. Bunun üçün beynəlxalq təcrübə də öyrənilir. Fermerlərdən güzəştli kredit almaq üçün tələb olunan sənədlərin sayı da azaldılaraq təxminən 5-ə endirilib. Əvvələr isə bu sənədlərin sayı 15 idi. Yeni kredit tranşının Sahibkarlığa Kömək Milli Fondunun verdiyi kreditdən fərqi isə bu vəsaitin yalnız aqrar sahədə, yəni kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan şəxslər üçün nəzərdə tutulmasıdır. Kreditlərin təyinatı üzrə xərclənməsinə isə monitorinqlər vasitəsi ilə nəzarət ediləcək. Kənd Təsərrüfatı Nazirliyi yanında “Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti” ilə  ölkənin 8 maliyyə təşkilatı arasında niyyət protokolu imzalanıb. Tədbirdə Dünya Bankının Azərbaycan üzrə ofisinin mütəxəssisi Rufiz Çıraqzadə,  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Mələk Çakmaz və digərləri yeni investisiya qoyuluşu ilə aqrar sektorun potensialının daha da yüksələcəyini dedilər.