Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

24-05-2018 | 11:09        

  

Bremendə miqrantlara sığınacaq verilməsinə qadağa qoyulub

Almaniyanın miqrasiya məsələləri üzrə federal qurumunun Bremen bölməsi qaçqın statusunun verilməsi ilə bağlı müraciətlərə baxılmasını dayandırır. Ölkənin daxili işlər nazirliyi bu qərarı miqrantlara sığınacaq verilməsi zamanı korrupsiyaya yol verilməsini təsdiqləyən araşdırmanın nəticələrinə əsasən verib. Yoxlamaların nəticələrinə əsasən miqrasiya məsələləri üzrə federal qurumunun Bremen bölməsi sığınacaq verilməsi ilə bağlı 4568 müraciətin araşdırılmasında qanun pozuntusuna yol verib. “Bremenin miqrasiya mərkəzinə olan etimad sarsılıb” - deyə daxili işlər naziri Horst Zeehofer bildirib. Zeehofer miqrasiya məsələləri üzrə federal qurumunun Bremen bölməsinın ətrafında yaranmış korrupsiya qalmaqalı ilə bağlı xüsusi komissiya yaradıb. Daxili işlər nazirliyi qurumun bu filialında vəzifə səlahiyyətlərindən ciddi sui-istifadə hallarının olması ilə bağlı xəbərləri təsdiqləyib. Məlumatda bildirilir ki, 2013-2016-cı illər arası Bremen filialının rəhbəri və bir sıra əməkdaşları miqrantlara sığınacaq verilməsinə dair 1200-dən çox müraciətə qanuni əsas olmadan müsbət cavab verib.

Şimali Koreya ABŞ-la görüşün keçirilməsi məsələsini yenidən nəzərdən keçirə bilər

Şimali Koreya ABŞ-la iyunun 12-nə planlaşdırılan görüşün keçirilməsi məsələsini yenidən nəzərdən keçirə bilər. Bu barədə ölkənin xarici işlər nazirinin müavini Çxve Son-hinin yaydığı bəyanatda deyilir. Nazir müavinin kəskin reaksiyasına ABŞ-ın vitse-prezidenti Maykl Pensin bəyanatı səbəb olub. Belə ki, bir neçə gün əvvəl vitse-prezident bəyan etmişdi ki, əgər Şimali Koreya nüvə proqramından imtina etməsə, bu ölkənin sonu Liviyanın aqibəti kimi ola bilər. Çxve Son-hinin sözlərinə görə rəsmi Pxenyan ABŞ-ın görüşdə iştirak etməsində israr etməyəcək. O, həmçinin qeyd edib ki, ABŞ indiyədək heç vaxt şahidi olmadığı və təsəvvür belə etmədiyi faciə ilə üzləşə bilər. Son günlərdə hər iki tərəf ABŞ-Şimali Koreya sammitinin təxirə salına və ya ləğv oluna biləcəyi ilə bağlı xəbərdarlıqlarla çıxış edib.

Turin əyalətində sərnişin qatarı yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 20 adam xəsarət alıb

İtaliyanın Turin əyalətində ağır qatar qəzası baş verib. Kaluzo şəhərində sərnişin qatarının dəmiryol xəttində dayanan yük avtomobili ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 20 adam xəsarət alıb. 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Ölənlərdən biri qatarın maşinistidir. Yük avtomobili ilə toqquşduqdan sonra Turin-İvrea marşrutu ilə hərəkət edən qatarın relsdən çıxdığı bildirilir. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Yaşayış evində pirotexniki vasitələrin partlaması nəticəsində 1 nəfər həlak olub, 30 adam xəsarət alıb

İspaniyanın Pontevedra əyalətində yaşayış evlərindən birində qanunsuz saxlanılan pirotexniki vasitələrin partlaması nəticəsində 1 nəfər həlak olub, 30 adam müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar arasında 7 uşaq da var. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Pirotexniki vasitələrin sahibi həbs olunub. Güclü partlayış nəticəsində yaxınlıqdakı onlarla evə ciddi ziyan dəyib. Bir neçə evin tamamilə dağıldığı bildirilir.

Şanxayda yanğın nəticəsində zavod tamamilə dağılıb

Çinin Şanxay şəhərində zavodlardan birində güclü yanğın baş verib. Sintetik həlledicilər istehsal edən müəssisədə qeydə alınmış yanğın nəticəsində zavod tamamilə dağılıb. Alov 10 metr yüksəkliyə qalxıb, ətrafa qatı tüstü yayılıb. Yanğınsöndürmə əməliyyatı 3 saat davam edib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Zavodun bütün əməkdaşları və yaxınlıqda yaşayan sakinlər təhlükəsiz əraziyə köçürülüblər. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.