Siyasət

Milli Məclisin komitəsində 2017-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub

22-05-2018 | 16:26        

  

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında ölkənin 2017-ci il dövlət büdcəsinin icrası müzakirə olunub. Millət vəkilləri ölkənin əsas maliyyə sənədinin icrasını qənaətbəxş qiymətləndiriblər.

Ötən il dövlət büdcəsinin gəlirləri 16 milyard 517 milyon manat, xərcləri isə 17 milyard 595 milyon manat olub. Ölkədə 70,1 milyard manat dəyərində ÜDM istehsal olunub. Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,8 faiz təşkil edib. Makroiqtisadi birliyin təmin edilməsi istiqamətindəki islahatlar nəticəsində makroiqtisadi sabitlik təmin olunub. 2017-ci il dövlət büdcəsinin icrası iqtisadiyyatda qeydə alınan müsbət meyillərin gücləndiyini bir daha təsdiqləyib.

2017-ci ildə dövlət büdcəsinin bütün parametrlərinin icrası mümkün olub. Əhalinin nominal gəlirlərinin həcmi 2016-cı ilə nisbətən 8,3 faiz artaraq 49,2 milyard manata çatıb. Adambaşına düşən gəlir isə 7,2 faiz artaraq 5050,5  manat olub. Ötən il ölkə üzrə orta aylıq əmək haqqı 2016-cı illə müqayisədə 5,7 faiz artaraq 528,2 manat təşkil edib. Büdcə daxilolmalarının 8 milyard 633 milyon manatı qeyri-neft sektoru hesabına təmin olunub ki, bu da  2016-cı ilə nisbətən 4,3 faiz çoxdur. Qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 2016-cı illə müqayisədə 5 faiz artaraq 52,3 faiz olub.

Hesabat ilində ölkə üzrə xarci ticarət əməliyyatlarının həcmi 24,3 milyard ABŞ dolları olub ki, bunun da 8,8 milyard dolları idxal əməliyyatlarının, 15,5 milyard dolları isə ixrac əməliyyatlarının payına düşüb. Nəticədə xarici ticarət hesabında 6,7 milyard dollar müsbət saldo yaranıb.

Fiskal dayanıqlılığın təmin edilməsində əsas şərt olan borc dayanlıqlılığını xarakterizə edən göstəricilərin təhlili göstərir ki, ümumilikdə bu istiqamətdə ölkəmizin mövqeyi qənaətbəxşdir. Dünya miqyasında Azərbaycan xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdəndir. Belə ki, hesabat ilində daxili borcun ÜDM-ə faiz nisbəti 1,5, dövlət borcuna xidmətlə bağlı xərclərin ixraca nisbəti 6,4, dövlət borcuna xidmətlə bağlı xərclərin dövlət büdcəsinin gəlirlərinə nisbəti 9,2 faiz təşkil etməklə qəbul olunmuş sərhədlərdən də aşağı olub. Ötən ilin uğurları bu il də iqtisadiyyatın müxtəlif sahələrində inkişaf tempini saxlayıb. Xüsusilə bu il ölkəmizdə daha yüksək iqtisadi artım gözlənilir. Bu, özünü daha çox qeyri-neft sektorunun ixracında göstərir. İlkin göstəricilərə görə, cari ildə qeyri-neft ixracı 35 faizədək yüksəlib. Sənaye parklarının və məhəllərinin yaradılması, iri müəssilərin tikintisi və işə salınması bu il də davam etdirilir.

Gömrük Komitəsində aparılan iqtisadi islahatlar, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi kifayət qədər xarici iqtisadi fəaliyyət iştirakçıları üçün münbit şərait yaradıb. Bu da ötən ilin dövlət büdcəsi proqnozalarını yerinə yetirməyə əlavə imkanlar açmaqla yanaşı, bu ilin 4 ayında da büdcə proqnozlarının böyük artımla icrasına təminat yaradıb. Ötən illə müqayisədə artıq 276 milyon manat ödəmələr dövlət büdcəsinə köçürülüb və may ayının da büdcə öhdəliyi 100 faiz yerinə yetirilib.

Müzakirələr zamanı çıxış edən millət vəkilləri ötən ilin dövlət büdcəsinin icrasını qənaətbəxş qiymətləndirdilər və bəzi təkliflər səsləndirdilər. Qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmağa tövsiyyə olundu.