Siyasət

Serbiya Prezidenti Aleksandr Vuçiç Bakıda görkəmli alim Nikola Teslanın abidəsini ziyarət edib

22-05-2018 | 14:32        

  

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 22-də Bakıda serb xalqının böyük oğlu, görkəmli alim Nikola Teslanın abidəsini ziyarət edib.

Dövlət başçısı Aleksandr Vuçiç Nikola Teslanın abidəsinin önünə gül dəstəsi qoyub.

Xatırladaq ki, açılışı 2013-cü ildə olmuş abidənin müəllifləri Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov və Əməkdar Memar Sənan Salamzadədir. Bürüncdən hazırlanmış abidənin hündürlüyü postamentlə birlikdə 3,3 metrdir.

Bakının mərkəzində yerləşən bu abidə Serbiya-Azərbaycan dostluğuna, əməkdaşlığına ucaldılan bir abidə hesab olunur. Abidənin fonunda görkəmli alimin əsas ixtiralarından olan dəyişən cərəyan generatorunu əks etdirən dekorativ panno quraşdırılıb.