İqtisadiyyat

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı böyük bir geosiyasi məkanda tərəqqi və inkişafa xidmət edir

21-05-2018 | 11:33        

  

Prezident İlham Əliyevin Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirib. Bu sırada həftənin ilk günündə açılışı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Prezident İlham Əliyevin Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsidir və ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Kompleksin tam istifadəyə verilməsi ilə Azərbaycan həmçinin, dəniz nəqliyyatında inkişafın yeni, müasir mərhələsinə qədəm qoymuş oldu. 2010-cu ilin noyabrında təməli qoyulan yeni liman kompleksinin bundan əvvəl, ayrı-ayrılıqda iki körpüdən ibarət bərə və Ro-Ro terminalı istifadəyə verilmişdi. Hazırda limanda yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, xidməti donanma gəmiləri üçün daha bir körpü də inşa edilib.

Kompleks 12 yanalma körpüsünə malikdir və ümumilikdə, 117 hektar ərazini əhatə edir. Limanın yükaşırma imkanına gəlincə, bu illik 15 milyon ton yük, o cümlədən 100 min konteynerdir. Liman akvatoriyasında aparılan dibdərinləşdirmə işləri, uzunluğu 7,5 kilometr, dönmə dairəsinin diametri 450 metr olan giriş kanalının inşa olunması isə Xəzər dənizində üzən bütün növ gəmilərin bura təhlükəsiz və sərbəst yanalmasını təmin edir.

Kompleksdə eyni zamanda əməliyyatların səmərəli idarə olunmasını təmin edəcək Liman İdarəetmə və İnformasiya Sistemi və digər İT komponentləri tətbiq olunub, eləcə də Gəmilərin və Liman Vasitələrinin Mühafizəsi üzrə Beynəlxalq Kodeksin tələblərinə uyğun mühafizə sistemi qurulub, sərhəd və gömrük nəzarəti zonalarının ayrılması məqsədilə 1 idxal və 2 ixrac sahəsindən ibarət zonalar yaradılıb.

Limanın inşası üçün ərazi təsadüfi seçilməyib. Belə ki, Ələt qəsəbəsi respublikanın ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir. Buraya su yollarının da əlavə olunmasından sonra həmin ərazinin geniş potensial ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaranır. Digər tərəfdən mövcud Bakı Dəniz Limanı şəhərin mərkəzində yerləşdiyindən, artan yükləri qəbul etmək imkanı çox məhdud idi. Ələt məhz, bu baxımdan da çox əlverişli bir yerdir.  Son 15 ildə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı həyata keçirilən irimiqyaslı layihələr, sözügedən sahəyə böyük həcmli dövlət investisiyaların yönəldilməsi də eyni məqsədə xidmət edir.

Pekinlə Londonu birləşdirən Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ötən ilin oktyabrında Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ərazisində Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, eyni zamanda, Şimal-Cənub və Cənub-Qərb dəhlizlərinin reallaşdırılması üzrə işlərin sürətləndirilməsi də Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib. 

Azərbaycanın tranzit potensialının tam gücü ilə reallaşdırılmasında digər mühüm məqam isə hüquqi bazanın təkmilləşdirilməsi, tərəfdaş ölkələrlə koordinasiyalı iş, vahid taarif cədvəli və gerçəkləşdirilən innovativ tədbirlərdir. Hesablamalar göstərir ki, inkişaf etmiş nəqliyyat və logistika sistemi ÜDM-də 3 faizədək birbaşa artıma təsir göstərir.

Yeri gəlmişkən, Azərbaycanın haba çevrilməsi istiqamətində əsas məqsədlərdən biri də, ölkə ərazisində əlavə 5 logistik mərkəzin yaradılmasıdır. Həmin mərkəzlər Xaçmaz, Qırmızı körpü, Astara, Gəncə və Naxçıvanda fəaliyyət göstərəcək. Başqa sözlə, beynəlxalq yükdaşımalarından əldə edilən dividentlər paytaxt Bakı ilə yanaşı, regionların sosial-iqtisadi inkişafında da mühüm rol oynayacaq. Bundan başqa, yaxın perspektivdə yəni, 2020-ci ilədək olan dövr üçün logistika və ticarət sahəsi üzrə Azərbaycanın strateji baxışı regional tranzit yüklərin üzərində əlavə dəyərin yaradılmasına nail olmaqdır.

Beləliklə, Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə reallaşan meqa-layihələr - istər hava, istər dəmiryolu, istərsə də  digər sahələr olsun- böyük bir geosiyasi məkanda tərəqqi və inkişafa xidmət edir, əməkdaşlıq üçün gözəl imkanlar açır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR