Siyasət

Azərbaycan XİN Laçının işğalının 26-cı ildönümü ilə əlaqədar açıqlama yayıb

17-05-2018 | 11:23        

  

Laçın rayonunun işğalının 26-cı ildönümünü ilə əlaqədar Xarici İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərin artırılmasını dəstəkləyərək ərazi bütövlüyü və suverenliyini, vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır.

Laçın rayonunun işğalının 26-cı ildönümünü ilə əlaqədar Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, “Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi 18 may 1992-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal olunub. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda Laçının 77 min nəfərdən çox sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan olunub. Həmçinin, talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda Sotheby`s auksionunda 80 min ABŞ dollarına satılıb. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozub, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir. Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin, qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il mayın ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evin dağıdılması, şəhərin talan olunması və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək Azərbaycanın işğal altındakı ərazilərinin ilhaq edilməsinə  yönəlmiş siyasət yürüdür. Açıqlamada bildirilir ki, Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərin artırılmasını dəstəkləyərək ərazi bütövlüyü və suverenliyini, vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR