Cəmiyyət

Sofiyada Azərbaycandan gətirilən 3 Şərq çinarı əkilib

16-05-2018 | 13:54        

  

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Bolqarıstanın paytaxtı Sofiyadakı "Vrana" park-muzeyində şərq çinarları əkilib.

Paytaxt Sofiyanın "Vrana" park-muzeyinə Azərbaycandan 3 şərq çinarı ağacı gətirilib. Sofiya şəhərinin meri Yordanka Fandıkova dedi ki, ağacların əkilməsi gözəl təşəbbüsdür. Bu, Sofiyada ətraf mühitin yaxşılaşdırılmasına bir töhfədir və  Azərbaycandan gətirilən  şərq çinarları parkın zəngin bitki örtüyünə əlavə gözəllik gətirəcək. Bolqarıstanın  Xarici İşlər nazirinin müavini Yuri Şterk ölkələrimiz arasında mövcud dostluq əlaqələrindən danışdı. Bildirdi ki, 2020-ci ildən etibarən 1 milyard kub metr Azərbaycan qazı Bolqarıstana  idxal olunacaq, ölkələrimiz arasında birbaşa təyyarə ucuşları da həyata keçirilir. Yuri Şterk çıxışını Azərbaycan dilində  Məhəmmədəmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı ilə yekunlaşdırdı. Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova da ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı üçün göstərdiyi misilsiz xidmətlərdən danışdı. Bolqarıstanla dostluq əlaqələrinin bünövrəsinin məhz ulu öndər tərəfindən qoyulduğunu diqqətə çatdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin Müsəlman Şərqində və Türk Dünyasında ilk demokratik, dünyəvi dövlət olduğunu, etnik-dini mənsubiyyət eləcə də sosial durumdan asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən qadınlara səsvermə hüququnun verildiyini vurğuladı. Sonra parkda şərq çinarları əkildi.