Cəmiyyət

İstanbulda “Azərbaycan Xalq Cümhuriyyəti-100 il” Parkının açılışı olub

16-05-2018 | 13:50        

  

İstanbulda “Azərbaycan Xalq Cümhuriyyəti-100 il” Parkı açılıb.

İstanbulun Altın rayonunda “Azərbaycan Xalq Cümhuriyyəti-100 il” Parkının açılışı oldu.

İstanbul Maltəpə bələdiyyəsinin sədri Ali Kılıç bildirdi ki, açılışı keçirilən Parka “Azərbaycan Xalq Cümhuriyyəti-100 il” adının verilməsi Azərbaycan və Türkiyə diaspor təşkilatlarını birgə fəaliyyətinin bəhrəsidir.

Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və ölkəmizin inkişaf strategiyası barədə müəyyən etdiyi siyasətin nəticələrindən danışan  Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim vurğuladı ki, iki qardaş ölkənin münasibətləri bundan sonra da daha yüksək nəticələr verəcək.

Çətin tarixi şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi ağır yola nəzər salan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpa olunması, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası və müstəqilliyimizin qorunması istiqamətində qəbul etdiyi siyasi qərarların mahiyyətindən söz açdı. Tədbir çərçivəsində Türkiyədəki azərbaycanlı rəssamların sərgisi də təşkil olundu. Saylan Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin 95 illik yubileylərinə həsr edilən konfransda professor Aygün Əttar və millət vəkili Musa Qasımlı çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin təsis edilməsi, dünyada tanınması, o cümlədən Osmanlı dövləti ilə qardaşlıq münasibətlərindən danışdılar.