Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

16-05-2018 | 10:52        

  

Şimali Koreya ABŞ-la görüşdən imtina edə biləcəyi ilə bağlı xəbərdarlıq edib

Şimali Koreya Cənubi Koreya ilə mayın 16-na təyin olunmuş yüksək səviyyəli danışıqlardan imtina edib. Buna Cənubi Koreyanın ABŞ-la birgə keçirdiyi hərbi təlimlər səbəb olub. Koreya Mərkəzi Xəbər Agentliyi bu təlimləri təxribat və işğala hazırlıq kimi xarakterizə edib. Bundan əlavə, Şimali Koreya liderinin ABŞ Prezidenti Donald Trampla gələn aya planlaşdırılan görüşünün də keçirilib-keçirilməyəcəyi sual altındadır. Şimali Koreya bəyan edib ki, Birləşmiş Ştatlar Prezidenti rəsmi Pxenyanın nüvə silahından imtina etməsində birtərəfli qaydada israr etsə, planlaşdırılan görüşdən imtina oluna bilər. Qeyd edək ki, martda ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın görüş keçirmək təklifini qəbul etmişdi. Görüşün iyunun 12-də Sinqapurda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu.

Kaliforniyada xəstəxanada partlayış nəticəsində 1 nəfər ölüb, 3 adam yaralanıb

ABŞ-ın Kaliforniya ştatının cənubunda yerləşən xəstəxanalardan birində güclü partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 adam yaralanıb. Xəstəxananın birinci mərtəbəsinə ciddi ziyan dəydiyi, partlayışın gücündən ətraf binaların pəncərələrinin sındığı bildirilir. Hadisədən sonra yaxınlıqdakı məktəbdən şagirdlər təxliyə olunub. Ətrafdakı yaşayış evlərindən də sakinlər təhlükəsiz yerlərə köçürülüb. İlkin ehtimala görə partlayış qəsdən törədilib. Faktla bağlı araşdırmalar davam edir.

Güclü qasırğa 3 nəfərin həyatına son qoyub, 600 000-ə yaxın istifadəçi elektrik enerjisiz qalıb

ABŞ-ın şimal-şərqində leysan və dolu ilə müşayiət edilən güclü qasırğa dağıntı və tələfata səbəb olub. Sürəti saatda 130 kilometrə çatan güclü külək ağacları aşırıb, elektrik xətlərini sıradan çıxarıb. Ağacların aşması azı 3 nəfərin  həyatına son qoyub. 1 nəfərin Nyu-York, 2 adamın isə Konnektikut ştatında öldüyü bildirilir. Onların arasında 11 yaşlı qız da var. Nyu-York, Nyu-Cersi, Konnektikut, Pensilvaniya və Virciniya ştatlarında 600 000-ə yaxın istifadəçi elektrik enerjisiz qalıb. Hava limanlarında 500-dən çox aviareys təxirə salınıb. Nyu-Yorkda qatarların hərəkəti dayandırılıb. Mərkəzi vağzalda minlərlə sərnişin çətin vəziyyətə düşüb. Metronun da fasilələrlə işlədiyi bildirilir. Meteoroloqlar leysanın hələ bir həftə davam edəcəyini proqnozlaşdırıblar. ABŞ-ın Havay adalarında isə mayın 3-dən fəallaşan “Kilauea” vulkanının püskürməsi ilə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan olunub. ABŞ Geoloji Xidmətindən bildirilib ki, vulkanda fəallaşma hər an artması gözlənilir. Bu isə vulkanın kraterinin yaxınlığında partlayışlara və yeni vulkanik çatların əmələ gəlməsinə səbəb ola bilər. Son 12 gün ərzində vulkanın püskürməsi 40-dan çox yaşayış evi və tikilinin tamamilə dağılması ilə nəticələnib. Ötən həftə Leilani-Esteyts yaşayış məntəqəsindən 2000-ə yaxın adam daha təhlükəsiz yerlərə köçürülüb. Havaya insan sağlamlığı üçün təhlükə törədə biləcək zəhərli qazlar yayılıb. Vulkan yaxınlığındakı Puna dairəsi fəlakət zonası elan edilib. Qeyd edək ki, hündürlüyü 1 247 metr təşkil edən “Kilauea” dünyada ən fəal vulkanlardan biri sayılır. Vulkanın püskürməsinə son günlərdə Havay adalarında çox sayda yeraltı təkanın baş verməsi səbəb olub. Ekspertlərin fikrincə vulkanın püskürməsi “qlobal fəlakətə” gətirib çıxara bilər.

Varanasidə piyada körpüsünün çökməsi nəticəsində 19 nəfər ölüb, onlarla adam xəsarət alıb

Hindistanın şimalındakı Varanasi şəhərində tikilməkdə olan  piyada körpüsü çöküb. Hadisə nəticəsində azı 19 nəfər  həlak olub, 30-dək adam yaralanıb. Xəsarət alanların yarısının vəziyyəti ağır qiymətləndirilir. Dağıntılar altında çox sayda adam qaldığından tələfatın artacağı istisna  olunmur. Ərazidə axtarışlar davam etdirilir. Körpünün hansı səbəbdən çökdüyü hələ ki məlim deyil. Hadisənin səbəbləri araşdırılır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR