Siyasət

ABŞ-ın Vaşinqton ştatının Sietl şəhər rəhbərliyi AXC-nin 100 illiyi ilə əlaqədar bəyannamə imzalayıb

16-05-2018 | 10:17        

  

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar növbəti bəyannamə ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində qəbul olunub. Şimali Karolina ştatının qubernatoru da Cümhuriyyətin 100 illiyi münasibətilə ölkəmizi təbrik edib.

ABŞ-ın Vaşinqton ştatının ən böyük yaşayış məntəqəsi olan Sietl şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar bəyannamə qəbul olunub. Şəhərin meri Cenni Durkanın imzaladığı sənəddə Azərbaycanın 1918-ci il mayın 28-də müstəqilliyini elan etdiyi bildirilir. Cumhuriyyətin 1920-ci ildə müstəqilliyi uğrunda mübarizə aparmasına baxmayaraq, Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən müstəqilliyinin bərpasına nail olduğu diqqətə çatdırılır. Azərbaycan Xalq Cümhuriyyətinin Müsəlman Şərqində ilk dünyəvi parlamentli demokratik respublika olduğu və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı vurğulanır. Bəyannamədə həmçinin, Azərbaycan Xalq Cümhuriyyəti dövründə irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər seçki hüququnun tanındığı, müsəlman dünyasında ilk dəfə, hətta ABŞ-dan əvvəl  qadınlara seçki hüququnun verildiyi əksini tapıb. Sietl şəhər administrasiyasi burada yaşayan Azərbaycan icmasını dəyərləndirdiyini və Azərbaycanın irsi və tarixinin qeyd olunmasını dəstəklədiyini də vurğulayıb. Bu arada, Şimali Karolina ştatının qubernatoru Roy Kuper də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin xüsusi bir hadisə olduğunu vurğulayaraq ölkəmizi təbrik edib. Təbrik məktubunda Şimali Karolinada yaşayan Azərbaycan icması üzvlərinin cəmiyyətə töhfələrinin əhəmiyyətli olduğu vurğulanır. Azərbaycan mədəniyyətini və irsini təbliğ edən və qoruyan bir ənənənin davam etdirilməsinə çağırılır. Xatırladaq ki, bundan əvvəl Birləşmiş Ştatların Nebraska, Nevada, Pensilvaniya, Meyn ştatları, eləcə də Nyu Meksika ştatının paytaxtı Santa Fe və Missisipi ştatının paytaxtı Cəkson şəhərləri də Cümhuriyyətin qurulmasının 100 illiyi münasibətilə bəyannamələr qəbul ediblər.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR