Mədəniyyət

Vyanada Ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə tədbir keçirilib

16-05-2018 | 08:31        

  

Vyanada Ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə tədbir keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlamasının beşinci ildönümü də qeyd edilib.

“Xalqımızın Ümummili lideri Heydər Əliyev ölkəmizin tarixində əvəzsiz rol oynayıb, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi  istiqamətində  mühüm  layihələrə imza atıb.” Bu fikir Ulu öndərin 95 illiyi münasibətilə Vyanada keçirilən tədbirdə səsləndirildi. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru  Leyla Qasımova bildirdi ki, Heydər Əliyevin müdrikliyi Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl ölkələrindən birinə çevirib. Görkəmli  dövlət xadiminin özü isə SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olub. Azərbaycana rəhbərliyinin ikinci dövründə də Heydər Əliyev misilsiz xidmətləri ilə Azərbaycanın hərtərəfli inkişafına nail olub. Leyla Qasımova Mədəniyyət Mərkəzinin fəaliyyətindən də söz açdı. Diqqətə çatdırdı ki, mədəniyyətimizin Avstriyada təbliği və iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından mərkəz çox işlər görür. Ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov dahi şəxsiyyət Heydər Əliyevin həyatından və çoxşaxəli siyasi fəaliyyətindən, Vətən və xalq qarşısında xidmətlərindən danışdı. Diplomat vurğuladı ki, Heydər Əliyev Azərbaycanda milli birlik yaradıb, ölkədə sosial-iqtisadi rifahın yüksəlməsi üçün ciddi islahatlar həyata keçirib. Tədbirin bədii hissəsində Əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” etno-caz qrupu maraqlı konsert proqramı ilə çıxış etdi. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi də böyük maraqla qarşılandı.