Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

15-05-2018 | 11:07        

  

Mişel Barnye: ““Breksit” danışıqlarında mart sammitindən indiyədək az irəliləyiş əldə olunub”

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı aparılan danışıqlarda mart sammitindən indiyədək az irəliləyiş əldə olunub. Bu sözləri Avropa İttifaqının “Breksit” danışıqları üzrə xüsusi nümayəndəsi Mişel Barnye Brüsseldə quruma üzv 27 ölkənin nazirləri ilə görüş zamanı deyib. Avropa İttifaqı rəsmisi bildirib ki, “Breksit”lə bağlı həll olunmamış məsələlər oktyabradək razılaşdırılmalıdır. Onun sözlərinə görə həllini gözləyən əsas problemlərdən biri İrlandiya ilə Şimali İrlandiya arasındakı sərhəd məsələsidir. Qeyd edək ki, Britaniyanın Avropa İttifaqından çıxması prosesi 2019-cu il martın 29-dək başa çatmalıdır. Ötən ilin yayından rəsmi London və Avropa İttifaqı “Breksit”in şərtləri ilə bağlı danışıqlar aparır. Ötən həftə tərəflər “Breksit”dən sonra gələcək əlaqələrə dair danışıqların ümumi strukturu ilə bağlı razılığa gəliblər.

Drezdendə İslam dini və miqrantlar əleyhinə növbəti nümayiş keçirilib

Almaniyanın Drezden şəhərində sağyönümlü “Pegida” hərəkatının çağırışı ilə İslam dini və miqrantlar əleyhinə növbəti nümayiş keçirilib. Sayca 145-ci aksiyaya hərəkatın 1000-dən çox tərəfdarı qoşulub. Yürüş iştirakçıları Almaniya hökumətinin qaçqınların qəbulu ilə bağlı siyasətini tənqid edib, miqrantlara sığınacaq verilməsinə qarşı çıxıblar. Etirazçılar miqrant axınının qarşısını almaq üçün sərhədlərin bağlanmasını tələb ediblər. Aksiyada iştirak edən sağyönümlü “AfD” partiyasının siyasətçiləri də antimiqrant və islamafob çıxışlar ediblər. Partiyanın liderlərindən olan Byörn Höke Drezdeni “qanuni müqavimətin paytaxtı” adlandırıb. Nümayiş zamanı asayişin qorunmasına çox sayda polis cəlb olunub.

“Taliban” silahlıları Fərah şəhərinə hücum ediblər

“Taliban” silahlıları Əfqanıstanın Fərah əyalətinin eyni adlı inzibati mərkəzinə 4 istiqamətdən hücum ediblər.  Ordu ilə terrorçular arasında şiddətli toqquşmaların baş verdiyi, çox sayda ölən və yaralananların olduğu bildirilir. Sakinlərin sözlərinə görə bölgəyə əlavə hərbi birləşmələr cəlb olunmazsa, taliblər şəhəri tezliklə ələ keçirə bilərlər. Ordu rəsmilərinin sözlərinə görə son 19 gün ərzində Taliban qruplaşması ölkənin müxtəlif yerlərində 2700 dəfə hücum həyata keçirib. Bu müddət ərzində Bədəxşan,  Fəryab, Bəğlan əyalətlərindəki Kohistan, Bilçıraq və Talava-Barfak rayonları silahlıların nəzarətinə keçib. 

Havay adalarında “Kilauea” vulkanının püskürməsi avtomagistrallar üçün təhlükə törətməyə başlayıb

ABŞ-ın Havay adalarında mayın 3-dən fəallaşan “Kilauea” vulkanının püskürməsi ciddi fəsad törətməkdə davam edir. Vulkanın kraterindən çıxan lava avtomagistrallar üçün təhlükə törətməyə başlayıb. Yerli icra orqanları minlərlə sakinin təxliyə olunacağı ilə bağlı xəbərdarlıq ediblər. “Kilauea” vulkanı püskürməyə başlayandan indiyədək fəlakət zonasında 37 tikilinin tamamilə dağıldığı bildirilir. 2000 adam daha təhlükəsiz ərazilərə köçürülüb. Havaya insan sağlamlığı üçün təhlükə törədə biləcək zəhərli qazlar yayılıb. Qeyd edək ki, hündürlüyü 1 247 metr təşkil edən “Kilauea” dünyada ən fəal vulkanlardan biri sayılır. Vulkanın püskürməsinə son günlərdə Havay adalarında çox sayda yeraltı təkanın baş verməsi səbəb olub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR