Bölgələr

Şəki turistlərin gözü ilə...

14-05-2018 | 15:13        

  

Azərbaycanın qədim şəhərlərindən olan Şəki həm də əsas turizm mərkəzi kimi tanınır. 2700 ildən artıq yaşı olan Şəkinin əsrarəngiz abidələri ilə yanaşı, füsünkar təbiəti də turistləri cəlb edir.

Böyük Qafqaz dağlarının ətəyində yerləşən bu şəhərin gözəl təbiəti, meşələri, dağları yerli və xarici turistləri valeh edir. Amma sözsüz ki, Şəkinin digər turizm məkanlarından fərqləndirən başlıca amil Azərbaycanın zəngin tarixini özündə əks etdirməsidir. Odur ki, Şəkini səyahətə elə 18-ci əsrin yadigarı olan Xan Sarayından başlayaq. Dünya memarlıq incisini görmək istəyən minlərlə turist hər il bura təşrif buyurur. Çünki tikintisində bir dənə də olsun mismarın istifadə edilmədiyi sarayda suvaq üzərindəki rəngli naxış, şəbəkələri təşkil edən ağac oyma, salon və otaqlardakı rəsm təsvirləri qiymətli sənət əsərləridir.

Sankt-Peterburqdan ölkəmizə qonaq gələn Kexovlar ailəsini müsəlman ölkəsində rastlaşdıqları tolerant mühit və qonaqpərvərlik valeh edir.

Şəki Xan Sarayından başlanan səyahət, Alban kilsəsi, Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunda davam edir. Qoruq, XVIII-XIX əsrlərdə səyyahların qalması üçün şəhərdə inşa edilən Aşağı və Yuxarı Karvansaralar, dairəvi planda tikilən və üstü günbəzlə tamamlanan Dairəvi məbəd kimi 200-dən artıq tarixi abidələr də turistləri keçmişə səyahətə aparır. Amma Şəkinin turizmi təkcə tarixi abidələrlə məhdudlaşmır. Burada qədimliklə müasirlik bir-birilə vəhdət təşkil edir.

Şərqin qədimliyi ilə Qərbin müasirliyinin maraqlı sintezi avropalıların da diqqətini ölkəmizə cəlb edir. Axı Azərbaycan hər iki amili özündə birləşdirən nadir müsəlman ölkələrindəndir. Dünya standartlarına cavab verən otellər, mehmanxana kompleksləri, əyləncə mərkəzləri və yüksək xidmət turistlərin mənalı istirahəti üçün əla məkandır. Günü-gündən inkişafı ilə dünyaya səs salan Azərbaycan turizmi britaniyalıları da  həvəsləndirib. Elə uzaq məsafə qət edərək Birləşmiş Krallıqdan velosipedlə ölkəmizə səfər edən  Qvilinq Oven kimi...

Bu da turistlərin ağızdolusu danışdığı məşhur Şəki halvası - qonaqların qədim dövrdən sevimli təamı...  Qədim İpək Yolunun üzərində yerləşən Şəkiyə gələn tacirlər də vaxtilə buradan şirniyyat aparıblar. Bu ənənə indi də davam etdirilir.

Şəki həm də qədim ipəkçilik və sənətkarlıq şəhəridir. Bura üz tutan qonaqlar mütləq dünyada məşhur olan butalı, naxışlı Şəki ipəyini və kəlağayısını alırlar. Bir sözlə, Şəkiyə səyahət edən  hər bir kəs buradan  sözün hər bir mənasında əli dolu qayıdır. İstər simvolik hədiyyələr, istər tarixi əks etdirən zəngin biliklər, istərsə də gözəlliyi ilə seçilən istirahət məkanları turistlərin xatirəsinə dərin və mənalı iz buraxır...

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR