İqtisadiyyat

“Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri üzrə işlər davam etdirilir

14-05-2018 | 13:35        

  

Azərbaycan-İran əməkdaşlığının mühüm istiqamətlərindən olan “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri üzrə işlər intensiv şəkildə davam etdirilir. Hazırda bu nəqliyyat dəhlizində hər iki istiqamət üzrə daşımalarla yanaşı, Azərbaycan tərəfi İran Astarasında yeni yük terminalları inşa edir. Həmin terminalların işə düşməsi ilə yükdaşımanın həcmi daha da artacaq. İranın Astara şəhərində keçirilən biznes forumda bu barədə məlumat verilib. 

Bura Şimal-Cənub Nəqliyyat dəhlizinin ölkəmizdən keçərək cənuba doğru uzanan dəmir yolları şəbəkəsinin sonuncu məntəqəsidir. Hazırda burada Azərbaycan ərazisindən keçməklə Gürcüstan, Rusiya və digər ölkələrdən gələn  yüklər qəbul olunur. Eləcə də, Fars körfəzindən, İrandan ixrac edilən  məhsullar şimal istiqamətində yola salınır. Artıq İran ərazisində quru yük terminalının birinci fazası istifadəyə verilib. Yaxın vaxtlarda isə bu xəttin davamı olaraq, Astara-Rəşt dəmir yolunun inşasına başlanılacaq. Bununla bağlı Azərbaycan və İran hökumətləri arasında, İran ərazisində Astara-Rəşt dəmir yolunun inşasının maliyyələşdirilməsinə dair kredit müqaviləsi imzalanıb. Sənədə əsasən, Azərbaycan hökuməti, həmin dəmir yolunun tikintisi ilə bağlı İran hökumətinə 500 milyon dollar məbləğində kredit ayırıb. Bununla da, Fars körfəzi ilə Skandinaviya və Baltik dənizi ölkələri arasında vahid dəmir yolu şəbəkəsi yaradılacaq. “Azərbaycan Dəmir Yolları” QSC İran ərazsində 35 hektar ərazidə yük terminalının inşasını həyata keçirir. Taxıl terminalının da inşasına başlanılıb. Terminal 25 il müddətində Azərbaycanın icarəsində olacaq. Burada tikilən 1,4 km uzunluğunda dəmir yolu da 15 illik müddətdə ölkəmizin icarəsindədir. Ümumiyyətlə isə İran ərazisində tikilən Astara Yükaşırma Terminalı 4 hissədən: quru yük, konteyner, taxıl və neft terminallarından ibarət olacaq. Terminalın ilkin mərhələdə yük aşırma gücü ildə 1,2 mln ton təşkil edəcək ki, yaxın perspektivdə bu rəqəmin 3,5 mln tona çatdırılması planlaşdırılır. Yeni terminal İranın və Fars körfəzi ölkələrinin Rusiya və Avropa ilə nəqliyyat əlaqələrini asanlaşdıracaq. Ötən bir il ərzində isə Azərbaycan-İran sərhədindən başlayaraq dəmir yolu, quru yükləri qəbul etmək üçün terminal və konteyner meydançası, 1800 m uzunluğunda terminal daxili yollar inşa olunub. Bu il fevralın 9-dan isə Astara Astara dəmir yolu marşrutu ilə sınaq yük qatarı İrana ərazisinə daxil olub və terminalda vaqonların boşaldılması prosesinə başlanılıb. Artıq bu xəttin işə salınması iki ölkənin iş adamları arasında münasibətləri daha da dərinləşdirməkdədir. “Astara Terminalının Şimal-Cənub və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizlərinin inkişafındakı rolu” mövzusunda biznes forumu da daşımaların artırırılmasına və  Astarada inşa edilən terminalın təqdimatına həsr olunmuşdu. Gilan vilayətinin “Ticarət, Sənaye və Kənd Təsərrüfatı Platası”nın sədri Hadi Tijuş Taban bildirdi ki, Azərbaycanla İran arasında dəmir yollarının birləşdirilməsi iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinə töhfəsini verməkdədir. Dəmir yolunun açılması yeni iqtisadi münasibətləri formalaşdıracaq. Çünki, nəqliyyat daşımaları yeni xidmət sahələrinin də yaranmasını stimullaşdıracaq.

Ötən il ticarət əlaqələri əvvəlki ilə inisbətən 16 faiz artıb. İki ölkə arasında ticarət əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini deyən “Azpromo”nun  rəhbəri Rüfət Məmmədovun fikrincə isə hər iki ölkə rəhbərliyinin iradəsi iş adamaları arasında münasibətləri dərinləşdirir.

ADY Express, ADY Konteyner və AzRusTrans şirkətlərinin təmsilşiləri və 400-dən artıq İran iş adamının iştirak etdiyi forumda “ADY Exspres” MMC-nin dirtektoru Azad Qasımov bildirdi ki, tikintisi davam etdirilən Astara Yük Terminalı yükdaşımalar sahəsində dönüş yaradacaq, iki ölkə ərazisindən keçən Beynəlxalq Nəqliyyat Dəhlizləri ilə yüklərin nəqli prosesini asanlaşdıraraq  sürətləndirəcək.  Astara Yük Terminalının tikintisi  davam etsə də, mövcud şəraitdə hər ay orta hesabla 25-30 min ton yük daşınır. Gilan vilayətinin ostandarı Mostafa Solari ölkələr arasında iqtisadi əlaqələrin artmasının  dövlətlərarası münasibətləri dərinləşdirdiyini dedi.

Tədbir martın 29-da iki Prezident İlham Əliyev və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə Bakıda keçirilən biznes forumunun davamı olaraq təşkil edilib. Forumda Azərbaycan Dəmir Yolları və ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri haqqında film nümayiş etdirildi. İkitərəfli görüşlər formatında müzakirələr aparıldı.

İranlı iş adamları da bu nəqliyyat dəhlizinin imkanlarından istifadə etməkdə maraqlıdırlar.

Bundan sonra, iki ölkənin dəmir yollarını tam birləşdirmək üçün 167 km-lik Astara-Rəşt yolunun inşasına başlanılması nəzərdə tutulur. Layihə yekunlaşdıqdan sonra Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yolları bir şəbəkədə birləşəcək və Şimaldan Fars körfəzinə qədər vahid yol formalaşacaq.