Bölgələr

Bölgələrdə çiyid səpini davam edir

14-05-2018 | 12:26        

  

Bu il ölkə üzrə təxminən ötən ilik qədər - 140 min hektara yaxın sahədə pambıq əkini nəzərdə tutulub. Amma pambıqçılıq rayonları qarşısında qoyulan əsas vəzifə bu sahəni elmi əsaslarla inkişaf etdirmək, gübrələrdən və pestisitlərdən düzgün istifadə olunmaqla məhsuldarlığı yüksəltməkdir. Orta məhsuldarlığı 20 sentnerə çatdırıldığı halda bu il ölkə üzrə 270 min ton pambıq istehsal etmək mümkün olacaq. Pambıqla yanaşı, bölgələrdə digər yazlıq bitkilərin əkini də davam edir.

Saatlıda çiyid səpini yekunlaşmaq üzrədir. Ötən il 25 min 750 tondan çox pambıqla ölkə üzrə ən yüksək nəticəyə nail olan saatlılı fermerlər bu il də birinciliyi qorumaq niyyətindədirlər. Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu mövsüm 16 min 820 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün məhsul istehsalçıları şum, arat, malalama işlərini vaxtında həyata keçirib, sahələrə üzvi və mineral gübrələr verib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük ediblər. Qısa müddətdə 14 min 308 hektar sahəyə çiyid səpilib. Qalan 2 min 512 hektar sahədə isə səpin 4-5 günə yekunlaşacaq. Fermerlər fərdi qaydada 1975 hektar sahədə səpin aparıblar. Qalan ərazilər isə “MKT”, “AZƏR PAMBIQ”, “Aqro AZ” və “Kənd Təsərrüfatı” Məhdud Məsuliyyətli cəmiyyətlərlə müqavilə əsasında əkilib. Ötən ay çiyid səpilən 10 min hektar sahədə düzgün aqrotexniki qulluq sayəsində yaxşı çıxış alınıb. Pambıqçılar bu sahələrdə artıq becərmə işlərinə başlayıblar.

Samuxda isə “Qarabağ MKT”nin rayon filialı bu il 400 hektar sahədə çiyid səpib. 310 hektar sahədə artıq çıxış var. Dövlət başçısının tapşırığına uyğun olaraq Samuxda kənd təsərrüfatının ənənəvi sahələrindən olan üzümçülük də inkişaf etdirilir. Ötən il rayonda 4 hektar sahədə yeni üzüm bağı salınaraq üzümlüklərin ümümi sahəsi 10 min 586 hektara çatdırılıb və 8 min 868 ton üzüm tədarük edilib. Bu il daha çox üzüm gözlənilir. Rayonda becərilən texniki üzüm sortları əsasən “Gəncə şərab – 2” istehsal müəssisəsinə təhvil verilir. Süfrə sortları olan “Təbriz” və “Kardinal” isə əsasən daxili bazarda, eyni zamanda, Rusiya bazarlarında satılır. Hazırda Samuxda yazlıq bitkilərin əkini də davam edir. İndiyədək 6 min 206 hektar sahədə əkin başa çatıb. 876 hektarda dənli və paxlalı bitkilər, 692 hektarda çoxillik otlar, 2 min 326 hektar sahədə günəbaxan, 230 hektarda kartof, 557 hektarda tərəvəz, 938 hektar sahədə şəkər çuğunduru, 138 hektarda bostan bitkiləri əkilib.

Tərtər rayonunda da yaz-tarla işlərinin qızğın çağıdır. Sahələrdə səpin, çıxış əldə edilən ərazilərdə isə becərmə aparılır. İndiyədək 6 min 975 hektar sahədə yazlıq bitkiləri əkilib. Bunun 859 hektarı şəkər çuğunduru, 1098 hektarı dən üçün günəbaxan, 487 hektarı kartof, 732 hektarı tərəvəz bitkiləri, 115 hektarı qarğıdalı, 20 hektarı noxud, qalanı darı, lobya, soya, yonca, sorqodur. 2 min 882 hektar sahədə də çiyid səpini başa çatıb. Bu il Tərtərdə ötən ilkindən təxminən 180 hektar çox - 3300 hektarda çiyid səpilməsi nəzərdə tutulub. “MKT İstehsalat Kommersiya” və “Azərpambıq” Məhdud Məsuliyyətli cəmiyyətləti ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunurlar. Səpinə də kifayət qədər texnika cəlb olunub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR