Mədəniyyət

“Sevdiyim” layihəsinin təqdimatı olub

11-05-2018 | 15:25        

  

Ümummili lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilən “Sevdiyim” layihəsinin təqdimatı olub. "ASAN xidmət", "ASAN Könüllüləri" Təşkilatı və ASAN radionun birgə təşkilatçılığı ilə reallaşan klipin bölgələrdə də təqdimatının keçirilməsi nəzərdə tutulub.

Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. ASAN radionun direktoru Emin Musəvi bildirdi ki, layihənin məqsədi tarixi ənənələrin qorunması və təbliği, milli mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsidir. “Sevdiyim” layihəsi "ASAN xidmət", "ASAN Könüllüləri" Təşkilatı və ASAN radionun birgə təşkilatçılığı ilə reallaşıb. Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov layihənin əhəmiyyətindən danışdı. Dedi ki, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı dövlət rəmzi kimi ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən 1918-ci il 9 noyabr tarixində təsdiq edilib. Təəssüflər olsun ki, bu bayraq yalnız 23 ay Xalq Cümhuriyyətinin üzərində dalğalana bildi. Lakin Cümhuriyyətin süqut etməsinə baxmayaraq Azərbaycan xalqı müstəqillik bayrağımızı daim öz qəlbində yaşadıb və 70 il sonra ona bir daha sahib çıxıb. 1990-cı il noyabrın 17-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilmiş Naxçıvan MR Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Muxtar Respublikasın dövlət bayrağı olaraq təsdiq edildi. Həmin gün dövlət bayrağımız sessiyaya gətirildi və Muxtar Respublikanın Ali Məclisində ucaldıldı. Fuad Ələsgərov dedi ki, bu, çox cəsarətli və fədakar addım idi. Çünki o zaman Azərbaycan hələ də Sovet İttifaqının tərkib hissəsi idi.

Fuad Ələsgərov bildirdi ki, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixində imzaladığı Sərəncamla hər il 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezidentin köməkçisi diqqətə çatdırdı ki, Ümummilli Liderin dəfələrlə dediyi kimi Azərbaycanın bayrağı sadəcə bayraq deyil, o, bizim dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Qürur hissi ilə deyə bilərik ki, bu gün bu bayraq adi dövlətin deyil, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhidlər vermiş, dünyaya özünü tanıda bilmiş, güclü iqtisadiyyat qurmuş, regionda aparıcı qüvvəyə çevrilmiş dövlətin bayrağıdır. Fuad Ələsgərov vurğuladı ki, bu nailiyyətlərin əldə edilməsinə görə Azərbaycan xalqı əlbəttə ki, ilk növbədə müasir dövlətimizin qurucusu olan Ulu Öndər Heydər Əliyevə borcludur. Mədəniyyət naziri Əbülfəs Qarayevin sözlərinə görə isə Heydər Əliyev məhz o şəxsiyyətlərdəndir ki, Azərbaycan xalqının taleyini, onun müstəqilliyini, gələcəyini xilas edib. Heydər Əliyevin gördüyü işlər kimləsə müqayisə oluna bilməz və o, daim Azərbaycanın Ulu Öndəri adına layiq görülən bir şəxsiyyət kimi tariximizdə qalacaq. Gənclər və idman naziri Azad Rəhimov isə dedi ki, Azərbaycan son 100 ildə çox çətin bir tarixi proseslərdən keçib və  hazırda öz tarixinin ən şanlı səhifələrini yaşayır. Ümummilli Liderin uzaqgörənliyi, müdrikliyi və əzmkarlığı nəticəsində Azərbaycanın müstəqilliyi daimi, əbədi və sarsılmaz olub. Bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun güclü dövlətinə çevrilib. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev də diqqətə çatdırdı ki, bu il Azərbaycan xalqının tarixində ən böyük iki əlamətdar hadisənin yubileyidir - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ulu Öndərin 95 illiyi. Həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də ulu öndər Heydər Əliyevin yubileyləri Azərbaycan tarixində çox əhəmiyyətli tarixi hadisələrdir. Onları birləşdirən çox nüanslar var. Bunlardan biri də Azərbaycan bayrağıdır. “Sevdiyim” layihəsindən danışan Ülvi Mehdiyev dedi ki, bu əsər tariximizdə qalacaq. “ASAN” Xiidmət bundan sonra da bu cür layihələri dəstəkləyəcək. Sonra “Sevdiyim” klipi təqdim olundu. Layihə çərçivəsində görkəmli şair, dramaturq Cəfər Cabbarlının üçrəngli Azərbaycan bayrağına həsr olunan “Sevdiyim” şeiri əsasında 100 illik tariximizin əks olunduğu klip ərsəyə gəlib. Klip Ümummili lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunub. Əsərin bəstəkarı və ifaçısı Əməkdar Artist Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür.

Klipin bölgələrdə də təqdimatının keçirilməsi nəzərdə tutulub. Sonda vətənpərvərlik mahnıları səsləndirildi.