Bölgələr

Xıllı nərə balıqartırma zavodu gələn ay Xəzərə 6 milyon balıq körpəsı buraxacaq

08-05-2018 | 15:49        

  

Neftçala rayonunda yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xıllı Nərə Balıqartırma zavodu gələn ay 6 milyondan çox körpə balığın Xəzər dənizinə buraxılmasına başlayacaq. Dəniz hövzəsində transfer işlərinin uğurlu icrası üçün artıq hazırlıqlar da başa çatdırılıb. Su hövzələrində bioresursların qorunması üçün müəyyən olunan qaydalara əsasən tədbirlər də davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Neftçala rayonunun Xıllı balıqartırma zavodunun illik gücü 15 milyona yaxındır. Xəzər dənizində bioloji ehtiyatların idarə olunması məqsədi ilə 2003-cü ildə istifadəyə verilən müəssisə 2017-ci ilədək ümumilikdə 68 miliyon 325 min körpə nərə cinsli balıq böyüdülərək Xəzər dənizinə buraxıb. Zavod 3 isehsal sexindən ibarətdir və onlardan ən böyüyü dairəvi hovuzlar sexidir. Yaz aylarında nərə balıqlarının süfrəsi məhz müəyyən dövrə qədər burada yetişdirilir. Hər bir hovuzda balıqların növündən asılı olaraq 20 minədək körpə balıq saxlanılır. Artıq yay fəslində müəyyən yetişkənlik dövrünə çatdıqdan sonra nərə balıq cinsləri Kür çayının Xəzər dənizinə yaxın hissəsində suya buraxılır. Hazırda zovodda mənbə rolunu oynayan təmir-törədici fondda çəkisi 3 kq-dan 50 kq-a çatan kifayət qədər nəsilartıran nərə balığı yetişdirilir.

Hazırda zavod bütün imkanları ilə işləyir. Əsasən nərə cinsli balıqların 4 növünün - bölgə, nərə, kələmo və uzunburun balıqların süni yolla artırılması ilə məşğul olur. Bundan əlavə, zavodda törədici balıqları öldürmədən onlardan bir necə il ana balıq kimi istifadə edilir.

Hazırda zavodda süni yolla alınan 4 mindən çox müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlar saxlanılır. Gələn ay isə Xəzər dənizinə 6 milyondan çox körpə balığın  buraxılması nəzərdə tutulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları balıqartırma ilə yanaşı ehtiyatlarının mühafizəsi üzrə ixtisaslaşmış xidmətə də malikdir. Hazırda Kürün Xəzər dənizinə qovuşan əraziyə nəzarət edən qurumun bütün əməkdaşları sürətli və güclü motorlara malik olan qayıqlarla təmin ediliblər. Bu texniki avadanlıqla təchiz olunan əməkdaşlar Xəzər dənizinin sahilindən 10 km-dən çox əraziyə nəzarət edə bilirlər. Davamlı tədbirlər nəticəsində balıq ehtiyatlarının qanunsuz ovlanmasının qarşısı tamamilə alınıb. Balıqçılar üçün müəyyən olunan kvotalar əsasında şəffaf imkanlar yaradılıb və lisenziyalar verilib.

Xəzər və digər su hövzələrində bioresursların qorunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi operativ tədbirləri davam etdirir.