Digər

Türkiyədə ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü geniş qeyd edilir

07-05-2018 | 10:50        

  

Türkiyədə ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü geniş qeyd edilir. Bu çərçivədə qardaş ölkənin Mersin vilayətində Bakının Xətai rayonu və yerli hakimiyyət orqanlarının birgə təşkilatçığı ilə silsilə tədbirlər keçirilib.

2007-ci ildə Bakının Xətai rayonu ilə qardaşlaşmış şəhər elan edilən Mersinin Tarsus rayonundakı Heydər Əliyev Parkı yerli sakinlər, eləcə də şəhərin qonaqlarının ən sevimli istirahət mərkəzlərindən biridir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümləri ilə bağlı tədbirlərin bu parkda keçirilməsi isə son illərin xoş ənənəsinə çevrilib.

Tədbirdə Mersin və Tarsusun hakimiyyət orqanlarının rəhbərləri, Azərbaycan nümayəndə heyətinin üzvləri, yerli ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak edirdilər. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyev və iki ölkənin şəhidlərinin xatirəsini ehtiramla yad etdilər. Azərbaycan və Türkiyənin dövlət himləri səsləndi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömür yolu və zəngin siyasi fəaliyyətini əks etdirən film böyük maraqla izləndi.

Daha sonra çıxış edən Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin gücləndirilməsi, dövlət quruculuğu, eləcə də qardaş Türkiyə ilə münasibətlərinin inkişafındakı misilsiz xidmətlərindən danışdı. Tarsus Bələdiyyəsinin sədri Şövkət Can, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və digər natiqlər qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyev adını tarixə qızıl hərflərlə yazdıran dahi şəxsiyyətlərdən biridir. Milli Məclisin üzvü Hüseynbala Mirələmov ümummilli liderin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycanın regionun ən nühüm dövlətlərindən birinə çevrildiyini vurğuladı. Mərsin Bələdiyyəsinin sədri Burhanəddin Kocamaz, Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.

Yerli məktəblilər Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən rəqslər ifa etdilər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin parkda ucaldılmış heykəli önünə tər çiçəklər düzdülər. Daha sonra qonaqlar dahi şəxsiyyətin adını daşıyan parkı gəzərək, 2.5 hektar ərazini əhatə edən parkın ətrafında aparılan abadlıq işləri ilə tanış oldular. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı Tarsusdakı Kampus Okulları məktəbində də tədbir keçirildi.

Məktəbdəki Hyedər Əliyev konfrnas salonunda təşkil edilən toplantıda çıxış edən Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, məktəbin direktoru Ender Portakal və digər natiqlər Ulu Öndərin Azərbaycan xalqının tarixindəki müstəsna yeri, dahi şəxsiyyətin zəngin irsinin gənc nəsillərə çatdırılmasının əhəmiyyəti haqqında danışdılar.

Tədbir məktəblilərin ifasında Azərbaycan mahnılarının səslənməsi ilə yekunlaşdı.

Azərbaycan nümayəndə heyətinin üzvləri Tarsus Bələdiyyəsinin sədri Şövkət Can və Mersin bələdiyyəsinin sədri Burhanəddin Kocamazla görüşdülər. Xətai rayonu ilə Mersin və Tarsus arasındakı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edildi. Mersin Valisi Əli İhsan Su ilə də görüş keçirildi. Yerli hakimiyyət orqanlarının rəhbərlərinə tədbirlər üçün xüsusi olaraq hazırlanan hədiyyələr təqdim edildi. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı Mersin və Tarsusda keçirilən tədbirlər yerli televiziya tərəfindən canlı olaraq yayımlandı. Qəzetlər mövzu ilə bağlı materiallara geniş yer ayırdılar.