İdman

Formula-1 yarışları üzrə Azərbaycan Qran-Prisi dünya mediasının gündəmindədir

02-05-2018 | 11:21        

  

Formula-1 yarışları üzrə Azərbaycan Qran-Prisi dünya mediasının gündəmindədir. Videomaterial və məqalələrdə zəngin tarixi irsə malik paytaxt Bakının müasirliyi ilə göz oxşadığı diqqətə çatdırılır.

Xarici Kütləvi Informasiya Vasitələri Formula-1 yarışlarının Azərbaycan Qran-Prisinə xüsusi yer ayırır. Yarışı Almaniya mətbuatı da geniş işıqlandırıb. RTL televiziya kanalı və onun internet saytı, eləcə də xeyli sayda nüfuzlu qəzet, idman jurnalları, onlayn kütləvi informasiya vasitələri Azərbaycan Qran-Prisinin maraqlı məqamlarla yadda qaldığını bildirirlər. Reportaj və məqalələrdə zəngin tarixi irsə malik Bakının müasirliyi ilə göz oxşadığı diqqətə çatdırılır. Formula-1 üzrə Danimarka Qran-Prisinin təşkilatçıları Azərbaycanın təcrübəsini öyrənirlər. İspaniyanın “caranddriver” portalında yerləşdirilən məqalədə bu barədə məlumat verilib. Bildirilib ki, Danimarka Qran-Prisini də Kopenhagen şəhərinin küçələrində görmək istəyən təşkilatçılar hazırki təqvimdə əsas şəhər yarışı olan, Bakıda keçirilən Azərbaycan Qran-Prisinin təşkilatçılarından məsləhət istəyirlər. Paytaxtımızda keçirilən Formula-1 yarışı Türkiyənin Kütləvi İnformasiya Vasitələrinin də gündəmindədir. Anadolu agentliyi, TRT HABER, NTV, TÜRK HABER televiziya kanalları, həmçinin müxtəlif saytlar avtoidman yarışın möhtəşəmliyini və yüksək səviyyədə təşkilindən bəhs edirlər. Xəbərlərin əksəriyyəti “Azərbaycanda zəfər Hamiltonun” sərlövhəli məqalə altında fotosessiya ilə təqdim olunub. Fotolarda Bakının gözəlliyi, tarixi binaları və müasir görkəmi də əksini tapıb.