İdman

Azərbaycanda müxtəlif beynəlxalq tədbirlərin, nüfuzlu idman yarışlarının keçirilməsi əcnəbilərin ölkəmizin turizm potensialı ilə tanışlığı üçün yaxşı imkan yaradır

01-05-2018 | 09:07        

  

Azərbaycanın müxtəlif beynəlxalq tədbirlər, nüfuzlu idman yarışlarının keçirildiyi unikal məkana çevrilməsi əcnəbilərin ölkəmizin turizm potensialı ilə tanışlığı üçün yaxşı imkan yaradır. Sürət həyəcanına ev sahibliyi statusunun bir neçə il Bakıya həvalə edilməsi həm də ölkəmizin dünyada qazandığı nüfuzun, idman ictimaiyyətinin haqlı etimadının göstəricisidir. İlk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər irimiqyaslı tədbirlər zamanı əldə edilən uğurlu təcrübə “Formula 1” yarışının Azərbaycan Qran Prisində də qonaqları sözün yaxşı mənasında heyrətləndirdi.

Çoxlu sayda siyasi, mədəni, idman və digər səpkili tədbirlərin ən mötəbər ünvanına çevrilən Azərbaycan növbəti dəfə beynəlxalq idman yarışına - Formula 1-ə layiqincə ev sahibliyi etməklə dünyanın diqqətini Bakıya yönəltdi. 500 milyon insan Bakınının gözəlliyini gördü. “Formula-1” yarışlarını televiziya vasitəsilə izləyən əcnəbilər Bakıya gəlib ölkəmizin  inkişafı, sabitliyi, tolerantlığı, qədimilik və müasirliyin vəhdət təşkil etdiyi paytaxtımızın gözəlliyi, xalqımızın qonaqpərvərliyi, zəngin mədəniyyətinin əyani şahidi oldular. İlk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər irimiqyaslı tədbirlər zamanı əldə edilən uğurlu təcrübə “Formula 1” yarışının Azərbaycan Qran Prisində də qonaqları sözün yaxşı mənasında heyrətləndirdi. Görülən işlər həm də Azərbaycanın layiqli təqdimatına hesablanmışdı.

İlk 3 ilin təhlilləri də göstərir ki, adrenalin dolu anlar yaşamaq istəyən azarkeşlər artıq Azərbaycan Qran prisinin daimi izləyicisinə çevrilirlər. Bu ildən başlayaraq təşkilatçılar komandalara Paddokda baş verənləri sosial mediada paylaşmağa icazə veriblər. Bu da, müasir zamanda daha geniş auditoriyanı əhatə etməyə imkan yaradır və sosial mediada yüz minlərlə izləyicisi olan pilotları və komandaları, eləcə də ulduz qonaqları Azərbaycanın təbliğatçısına çevirir. Əlbəttə ki, ölkəyə çox sayda turistin gəlməsi tək turizm sahəsinin deyil, bir çox sahələrin inkişafına təkan verdi. 3 günlük idman tədbirinin keçirilməsi ölkə iqtisadiyyatına birbaşa və dolayı gəlir gətirməkdədir. Belə ki, dünyanın aparıcı audit şirkətlərindən olan PWC-nin araşdırmalarına əsasən, bundan əvvəlki yarışlar Azərbaycan iqtisadiyyatına 277 milyon dollar gəlir gətirib.

Belə mötəbər yarışların ölkəmizdə keçirilməsi birbaşa iqtisadi mənfəətdən başqa xarici investisiyaların cəlb olunması baxımından da əhəmiyyətli rola malikdir. Çünki, Formula 1 azarkeşləri arasında böyük beynəlxalq şirkətlərin rəhbərləri var. Onlar  yarışı izləməyə gəldikləri ölkələrin biznes imkanları ilə yaxından tanış olurlar ki, bu da ölkədə xarici investisiya qoyuluşuna öz töhfəsini verir. Nəticə olaraq, yarış zamanı Azərbaycanda da  iqtisadiyyatın bir sıra sahələrində canlanma yarandı  və ölkəyə xarici investisiya cəlb edildi. Bütün bunlar isə təbii ki, əhalinin sosial rifahının yaxşılaşması ilə nəticələnir.