İqtisadiyyat

Formula 1-in Azərbaycan Qran Prisinə hazırlıq... Turistləri gözləyən yeniliklər...

26-04-2018 | 12:15        

  

Azərbaycana növbəti turist axını müşahidə edilir. Buna səbəb Formula 1 yarışları üzrə Azərbaycan Qran Prisidir. Otellərdə yerlərin 2-3 ay əvvəldən sifariş olunması yarışlara böyük maraqdan xəbər verir. Qonaqları Bakıda nələr gözləyir? Turizm şəbəkəsi hansı hazırlıqları görüb? Sualların cavabı indi təqdim edəcəyimiz reportajda.

Sabah paytaxt Bakının küçələrində növbəti sürət həyəcanı yaşanacaq. Bu il də Azərbaycan Qran Prisinə idman həvəskarlarının böyük marağı müşahidə edilir. Həm ölkəmizi görmək, istirahət etmək, həm də yarışları izləmək istəyən turistlərin sayının çoxluğu belə deməyə əsas verir. Bakının beşulduzlu otellərinin əksəriyyətində yerlər xeyli müddət əvvəl sifariş edilib. 

Turizm şəbəkəsi Formula 1 yarışlarına ciddi hazırlıq görür. Çünki gələn qonaqlar potensial turistlərdir. Onları razı salmaq üçün bu idman tədbirinə otellər həvəslə hazırlaşıb. Görülən işlər Azərbaycanın layiqli təqdimatına hesablanıb.  

Qonaqların rahatlığını təmin etmək üçün otellərdə Formula 1 masası quraşdırılıb. Burada həm yarışla bağlı məlumatlar verilir, həm də istənilən vaxt bilet əldə etmək imkanı yaradılıb. İlk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər irimiqyaslı tədbirlər zamanı əldə edilən uğurlu təcrübə “Formula 1” yarışının Azərbaycan Qran Prisində də qonaqların məmnun qalacağına əminlik yaradır.

Turistlərin diqqətini yaradılan infrastrukturla yanaşı, xidmətin səviyyəsi də cəlb edir. Bu baxımdan əlavə xidmətlərin göstərilməsi, keyfiyyətin daha da yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər görülüb.

Turistlərin Azərbaycana marağı isə səbəbsiz deyil. Üstünlüklər çoxdur..

Müxtəlif beynəlxalq tədbirlər, nüfuzlu idman yarışları isə əcnəbilərin ölkəmizin turizm potensialı ilə tanışlığı üçün yaxşı imkan yaradır. Sürət həyəcanına ev sahibliyi statusunun bir neçə il Bakıya həvalə edilməsi həm də ölkəmizin dünyada qazandığı nüfuzun, idman ictimaiyyətinin haqlı etimadının göstəricisidir. Təsadüfi deyil ki, 2017-ci ildə Bakıda keçirilən Formula 1 yarışı dünyanın aparıcı kütləvi informasiya vasitələrində aparılan sorğularda ilin ən yaxşı yarışı seçilib.