Xarici xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət olduqca gərgindir

26-04-2018 | 10:58        

  

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. “Vətəndaş sazişi” cəbhəsinə rəhbərlik edən Nikol Paşinyanın tərəfdarları ölkədə həyatı iflic ediblər. Hava limanına gedən yol və magistrallar nəzarət altına alınıb.

“İrəvan hər an partlayacaq barıt çəlləyini xatırladır. Serj Sarkisyan istefa versə də, etirazlar davam edir. Narazı kütlə indi də “Karen, Serjin yanına get!” kimi şüarlar səsləndirirlər. Nümayişlərə rəhbərlik edən Nikol Paşinyan bəyan edib ki, Respublikaçılar Partiyası hakimiyyətdə qaldığı müddətdə etiraz aksiyalarını dayandırmayacaqlar. Onun sözlərinə görə, partiya Sarkisyanı qurban verməklə hakimiyyəti saxlamağa cəhd göstərir. Bu isə mümkün olmayacaq. “Yelk” və “Vətəndaş sazişi” partiyalarının lideri Nikol Paşinyan ölkədə hər kəsi tətilə, tələbələri isə dərsləri baykot etmə çağırıb. Ermənistanın idman və gənclərlə iş üzrə nazirinin səlahiyyətlərini icra edən Qraçya Rostomyan istefa verdikdən sonra idmançılar da Olimpiya Komitəsinin binası qarşısından etirazçıların yürüşünə qoşulublar. “Daşnaksütyun” partiyası isə “Respublika” partiyası ilə birgə daxil olduğu hakim koalisiyadan çıxdığını bəyan edib. Partiyanın inqilab federasiyası bildirir ki, yeni hökumətin ilk işi gərginliyi azaltmaq olmalı, eyni zamanda, parlamentə növbədənkənar seçkilərin keçirilməsi üçün şərait yaratmalıdır. “Daşnaksütyun” fraksiyası parlamentdə 105 yerdən 7-nə malikdir. Baş nazirin seçilməsi üçün 53 deputatın səsi lazımdır. Hazırda müxalifətə daxil olan “Yelk”, “Tsarukyan bloku” və “Daşnaksütyun” hərəkatı parlamentdə 47 səsə malikdir. Ölkədə yeni baş nazir seçkiləri mayın 2-nə təyin edilib. “Evronyus” telekanalı xəbər verir ki, Nikol Paşinyan Ermənistanın yeni baş naziri olmağa hazırdır. Hərəkat rəhbərinin sözlərinə görə, bu posta gələndən sonra açıq və dürüst şəkildə parlament seçkiləri keçiriləcək. Hələliksə baş nazir səlahəyitlərini icra edən Karen Karapetyan bu bəyanatlarla razılaşmır. O, aksiya iştirakçılarına hislərini cilovlamağı tövsiyyə edib. Bildirib ki, ölkədə hər an baş verə biləcək təxribat Ermənistanı 10 il geri ata bilər. Müxalif qüvvələr isə bütün bunları bəhanə hesab edir. Aprelin 25-də Paşinyanın tərəfdarları ölkədə həyatı iflic ediblər. Hava limanına gedən yol və nəqliyyatın intensiv işlədiyi magistral nəzarət altına alınıb. Sərnişinlər “Zvartnots” aeraportuna piyada getmək məcburiyyətində qalıblar. Etirazçılar Ermənistan-Gürücüstan sərhədində yerləşən “Baqrataşen” gömrük məntəqəsinə gedən magistralı da bağlayıblar. Bundan başqa, aksiyaçılar Ermənistan-İran sərhədinə gedən İrəvan-Meğri yolunu kəsiblər. Ölkənin şimal-şərq istiqamətinə - Sevan, İcevana gedən şosse də etirazçılar tərəfindən bağlanıb. Bölgələrdən yüzlərlə maşın paytaxta doğru yola çıxıb. Narazı vətəndaşlar bildirirlər ki, məqsədləri birdir - Karen Karapetyan başda olmaqla bütün nazirlər postlarını tərk etməli, ölkədə yeni hökumət qurulmalıdır.