Xarici xəbərlər

İrəvanda mitinqlərin yenidən keçiriləcəyinə qərar verilib

25-04-2018 | 10:36        

  

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət getdikcə gərginləşir. “Vətəndaş Müqaviləsi” cəbhəsinə rəhbərlik edən Nikol Paşinyan və baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyan arasında aprelin 25-ə təyin edilən danışıqlar ləğv olunub. İrəvanda mitinqlərin yenidən keçiriləcəyinə qərar verilib.

Ermənistanda 10 gündən çoxdur davam edən “məxməri inqilab”a rəhbərlik edən deputat Nikol Paşinyan və baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyan arasında aprelin 25-ə təyin olunan danışıqlar ləğv edilib. Məlumatı Paşinyanın “Vətəndaş Müqaviləsi” cəbhəsinin mətbuat katibi Tiqran Avinyan yayıb. O bildirib ki, danışıqların nə vaxt baş tutacağı bilinmir. Paşinyan danışıqların elan edildiyi istiqamətdə getməsini istəyir, hakim Respublika partiyası isə bununla razılaşmır. Vətəndaş qüvvələrinin tələbi belədir: “Hakimiyyət dinc yolla təhvil verilməli və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Həmçinin, Respublika Partiyasindan heç bir kəs müvəqqəti hökumətə rəhbərlik edə bilməz”. Partiya isə məsələnin bu cür qoyuluşuna qarşıdır. Bundan əvvəl də Nikol Paşinyan hakim siyasi təşkilatın heç bir üzvünün baş nazir ola bilməyəcəyini bildirmişdi. Ona görə də müxalifət etirazları dayandırmayacaq. Artıq Respublika meydanında mitinqlərin yenidən bərpa olunacağına dair qərar qəbul edilib. Müxalifət məqsədlərinə çatmayanacan etiraz aksiyalarına fasilə verilmək fikrində deyil. Nikol Paşinyan bildirir ki, “məxməri inqilab”ın məntiqi sonuna qədər heç bir fasilə olmayacaq. Baş nazir vəzifəsinə mütləq xalqdan namizəd seçilməlidir. O, həmçinin, qeyd edib ki, ölkədə növbədənkənar parlament seçkiləri 1-2 ay ərzində keçirilməlidir. Hakimiyyətin buna müqavimət göstərməsi nəticə verməyəcək. Paşinyan baş nazir postuna iddiasını bir cümlə ilə ifadə edib. “Xalq mənə etimad göstərsə, bundan imtina etmərəm”. Müxalif lider bu açıqlaması ilə baş nazir kürsüsünə iddialı oldugunu nümayiş etdirdi. Siyasi ekspertlərin fikrincə, Nikol Paşinyanın öz planı var. Serj Sarkisyanın istefası bu planın yalnız birinci hissəsidir. Bu arada, Təhlükəsizlik Şurasının iclasını keçirən baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyan rəsmi şəxslərə özlərini ələ almağı tapşırıb. O, ölkənin təhlükəsizliyinin ciddi təhdidlərə məruz qala biləcəyini diqqətə çatdırıb. Bununla isə hakim qüvvələr erməni cəmiyyətində xof yaratmağa çalışırlar. Əslində, boş xülyadan əl çəkməyən mənfur qonşular növbəti dəfə düşmənçilik fəlsəfəsinin iflasa məhkum olduğunun şahididir. Serj Sarkisyanın istefası ölkədə kəskin siyasi böhran yaradıb və onun nə qədər davam edəcəyi hələ ki, məlum deyil. Bundan əlavə, hərbi xunta rejiminin Qarabağ kartından istifadəsinin limiti bitib. Ötən əsrin 90-cı illərində belə kart erməni xalqında böyük ümidlər yaratmışdı. O illərin millətçilik düşüncələri iqtisadi düşüncələrdən daha öndə idi. Amma 20 ildən sonra anlaşıldı ki, ölkəni təkcə ərazilər işğal etməklə, çoxdan mövcud olan Böyük Ermənistan ideyaları ilə doyuzdurmaq olmaz. Mütəxəssislərin proqnozuna görə, yaxın gələcəkdə Ermənistanda klanlararası qarşıdurma daha da gərginləşəcək və nəticə etibarilə qondarma “DQR”lə rəsmi İrəvanın münasibətlərinin mahiyyəti dəyişəcək. Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı və onsuz da inkişafdan əsər-əlamət qalmayan, tənəzzül, aclıq və səfalət hökm sürən, iqtisadiyyatı dağıdılmış, sabitliyi pozulmuş Ermənistanın hələ uzun müddət özünə gələ bilməyəcəyi aydındır. Əgər Ermənistanda seçkinin nəticələri ilə bağlı ciddi narazılıq yarandısa, Azərbaycanda bu hal baş vermədi, Prezident İlham Əliyev böyük səs üstünlüyü ilə daha 7 il hakimiyyətdə qalmaq şansı əldə edərək, yeni hökumət formalaşdırdı.  2005 və 2010-cu illər parlament seçkiləri zamanı Qərb Azərbaycana ciddi təzyiqlər göstərmək istəsə də, öz istəyinə nail ola bilməmişdi. İqtidar bu təzyiqləri neytrallaşdırıb, ölkədə davamlı inkişaf kursunu tətbiq etmişdi. Sonrakı illərdə də  “siyasi məhbus” və “demokratiya” adı altında pərdələnmiş beynəlxalq institutlar ölkəyə kənardan “demokratiya ixracı”na cəhd edirdilər. Amma Prezident İlham Əliyev Azərbaycanın daxili işlərinə kənardan müdaxilələrə sərt cavab verdi. Azərbaycanı qarışdırmaq istəyən bəzi Qərb institutlarının ölkədə fəaliyyəti dayandırıldı.  Bir regionun iki ölkəsinin gündəmi isə belədir. Bu gün İrəvan küçələrində narazı xalq polis zorakılığı ilə üzləşir. İnsanlar təqib edilir. Bakı küçələrində isə Formula bir yarışlarına hazırlıqlar son mərhələyə qədəm qoyub, xarici ölkələrdə gələn turistlər rahat şəkildə gəzir. Onsuzda inkişafdan əsər-əlamət qalmayan, tənəzzül, aclıq və səfalət hökm sürən, iqtisadiyyatı dağıdılmış, sabitliyi pozulmuş Ermənistanın hələ uzun müddət özünə gələ bilməyəcəyi aydındır.   Bu ölkədə son günlər baş verən prosesslər eyni zamanda işğalçı ordunun vahid komanda altında olmadığını açıq şəkildə göstərdi. Əsgər və zabitlərin hərbi hissələri tərk edərək etirazçılara qoşulması onu açıq şəkildə nümayiş etdirdi ki, yalnız Sarkisyan rejimindən başqa hər kəs narazıdır və ilk fürsətdə bunu açıq biruzə verdilər. Bundan başqa, regionda baş verənləri təhlil etdikdə aydın olur ki, yalnız öz xalqının dəstəyinə arxalanan və müstəqil siyasət həyata keçirən hökümətlər xaricdən olan təzyiqlərə və təhdidləri neytrallaşdıra bilir. Necə ki, Prezident İlham Əliyev bu təhdidləri neytrallaşdırmaqla və paralel olaraq, həyata keçirdiyi xarici siyasət kursu ilə Azərbaycanı beynəlxalq aktora çevirdi. Bəli, günümüzün reallığı belədir: Azərbaycan bölgənin və postsovet məkanının sabitlik adasıdır, bu sabitliyin təməlində isə xalq-lider vəhdəti, dayanır. Ermənistan isə bu gün beynəlxalq münasibətlərdə sadəcə vassal rolunda çıxış edir.