Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

25-04-2018 | 10:30        

  

Torontoda 10 nəfərin ölümünə səbəb olmuş sürücüyə qarşı 23 maddə üzrə ittiham irəli sürülüb

Kanadanın Toronto şəhərinin mərkəzində mikroavtobusu qəsdən piyadaların üzərinə sürən Alek Minasyana qarşı 23 maddə üzrə ittiham irəli sürülüb. 10 maddə qəsdən adam öldürmə, 13 maddə adam öldürməyə cəhdlə əlaqədardır. Minasyana qarşı daha bir maddə üzrə ittihamın irəli sürüləcəyi gözlənilir. Hazırda hüquq-mühafizə orqanları hücumun motivini müəyyənləşdirməyə çalışır. Hadisəni törətmiş şəxsin sosial şəbəkədə yerləşdirdiyi şərhlər də araşdırılacaq. Xatırladaq ki, Alek Minasyan aprelin 23-də Yanq-strit və Finç-avenyu küçələrinin kəsişməsində mikroavtobusu qəsdən piyadaların üzərinə sürməkdə şübhəli bilinir. Hadisə nəticəsində 10 nəfər ölüb, 14 adam xəsarət alıb. Onların arasında İordaniya və Cənubi Koreya vətəndaşları da var. Minasyan hadisə yerindən qaçsa da, 25 dəqiqə sonra polislər tərəfindən saxlanılıb. Hələ ki, hücum terror aktı kimi qiymətləndirilmir. Kanadanın ictimai təhlükəsizlik naziri insidentin milli təhlükəsizliklə əlaqəli olmadığını bildirib.

Dallas şəhərində silahlı insident nəticəsində ikisi polis əməkdaşı olmaqla 3 nəfər yaralanıb

ABŞ-ın Texas ştatında tikinti materialları mağazasının yaxınlığında silahlı insident baş verib. Dallas şəhərində silahlı şəxsin açdığı atəş nəticəsində 2-si polis əməkdaşı olmaqla 3 nəfər yaralanıb. Asayiş keşikçilərinin vəziyyəti ağır qiymətləndirilir. Atışmanı törədən şəxsin 29 yaşlı Armando Luis Xuares olduğu bildirilir. O, hadisə yerindən qaçsa da bir müddət sonra polislər tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Berlində “Amazon” şirkətinin əməkdaşları nümayiş keçiriblər

Almaniyanın paytatı Berlində “Amazon” internet-satış portalının əməkdaşları nümayiş keçiriblər. “Verdi” Həmkarlar İttifaqının çağırışı ilə baş tutan etiraz aksiyasına şirkətin yüzlərlə əməkdaşı qoşulub. Yürüş iştirakçıları “Amazon”un rəhbərliyi əleyhinə şüarlar səsləndiriblər. Qeyd edək ki, Həmkarlar İttifaqı şirkətin Almaniyadakı logistika filiallarında çalışan 12 000 nəfərin əmək şərtlərinin yaxşılaşdırılmasını tələb edir.

Dəməşqin cənubunda “İŞİD”ə qarşı hərbi əməliyyatlar davam edir

Suriya ordusu paytaxt Dəməşqin cənubunda “İŞİD”  terror qruplaşmasına qarşı əməliyyatları davam etdirir. Yarmuk qaçqın düşərgəsi və  Hacar əl-Əsvad rayonu yaxınlığında silahlıların mövqelərinə  endirilən artilleriya və hava zərbələri nəticəsində  çox sayda  terroçu məhv edilib.  “İŞİD”ə məxsus  tunellər, səngərlər və silah anbarı dağıdılıb. Üstünlüyü ələ keçirən Suriya ordusu terrorçuların nəzarətində olan məntəqələrdə irəliləməyə müvəffəq olub. Döyüşlər nəticəsində hökumətə bağlı hərbi birləşmələrin  20-dək üzvü həlak olub. Bölgədə  1000-dən çox “İŞİD” terrorçusunun gizləndiyi ehtimal edilir. Xatırladaq ki, Suriya ordusu bir müddət əvvəl üsyançı qruplaşmaların nəzarətində olan Şərqi Quta regionunu  azad etmişdi.

Açex əyalətində neft quyusunda yanğın nəticəsində 11 nəfər ölüb, 40 adam xəsarət alıb

İndoneziyanın Açex əyalətində yerli sakinlər tərəfindən qanunsuz istismar olunan neft quyusunda güclü yanğın baş verib. Hadisə nəticəsində  azı 11 nəfər ölüb, 40 adam xəsarət alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar da var. Tələfatın artacağı istisna edilmir. Yaxınlıqda yerləşən 5 ev də külə dönüb. Əraziyə çox sayda yanğınsöndürən və dövlət neft şirkətinin mütəxəssisləri cəlb olunub. Yanğının neft sızması nəticəsində baş verdiyi bildirilir. Əraziyə sızan neftin həcmi dəqiqləşdirilir.  Xatırladaq ki,  ötən ilin oktyabrnda paytaxt Cakarta yaxınlığında pirotexniki vasitələr istehsal edən zavodda yanğın nəticəsində 47 nəfər həlak olmuşdu.