İqtisadiyyat

TAP qaz kəmərinin Yunanıstan və Albaniya marşrutunda boruların 87 faizi qaynaqlanıb

25-04-2018 | 10:29        

  

Trans Adriatik-TAP qaz kəmərinin Yunanıstan və Albaniya hisəsində boruların 87 faizi qaynaqlanıb. Azərbaycan təbii qazını Avropaya daşıyacaq bu xətt TANAP layihəsinin davamı kimi inşa edilir.

“Trans-Adriatik”- TAP qaz boru kəmərinin Yunanıstan və Albaniya marşrutunda boruların 87 faizi qaynaq edilib. Bu barədə boru kəmərinin operatoru olan TAP şirkətindən məlumat verilib. Məlumatda bildirilir ki, xəttin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 670 kilometr boru qaynaq olunub. Hazırda Albaniya ərazisində tikinti işləri davam etdirilir. İşlər dağlıq ərazi boyunca, 1800 metr hündürlükdə aparılır. Xatırladaq ki, ilin əvvəlində Avropa İnvestisiya Bankı Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün TAP boru kəmərinə 1,5 milyard avro məbləğində maliyyə ayrılmasını təsdiqləyib. Bu layihə Cənub Qaz Dəhlizinin bir hissəsidir və Avropa İttifaqının enerji siyasəti çərçivəsində strateji cəhətdən əhəmiyyətli bir komponent kimi, Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən müəyyənləşdirilən təşəbbüsdür. Layihə qrafikə uyğun icra edilir və TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq. “Şahdəniz-2”dən hasil ediləcək qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqli nəzərdə tutulur.