Cəmiyyət

25 aprel “Sahibkarlar Günü”dür

25-04-2018 | 10:05        

  

Prezident İlham Əliyevin Sərəncamı ilə aprelin 25-i ölkəmizdə “Sahibkarlar günü” kimi qeyd olunur. Sahibkarlara dövlət qayğısı, ölkə rəhbəri tərəfindən göstərilən dəstək onların fəaliyyəti üçün gözəl şərait, yeni imkanlar yaradır. Ölkəmizdə “Sahibkarlar günü”nün qeyd olunması da bir daha təsdiq edir ki, dövlət hər zaman sahibkarların yanındadır.

Azərbaycanda sahibkarlığın inkişafı dövlət siyasətidir, ölkədə sahibkarların uğurlu fəaliyyəti üçün dövlət tərəfindən davamlı olaraq mühüm tədbirlər həyata keçirilir. Qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, ixrac potensialının artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması, müasir texnologiyalara əsaslanan rəqabət qabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar bu sahədə mühüm rol oynayır. “Sahibkarlar üçün Azərbaycanda analoqu olmayan şərait yaradılıb: həm dövlət və maliyyə dəstəyi, həm də texniki və intellektual dəstək göstərilir. Sahibkarlar bu imkanlardan səmərəli şəkildə istifadə etməlidirlər” – dövlət başçısının bu tapşırığı, eyni zamanda konkret hədəfləri müəyyən edir. Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli Fərmanına əsasən, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə Prezident yanında Apellyasiya Şurasının yaradılması sahibkarlıq sahəsində yeni mərhələnin başlanğıcını qoydu. Sahibkarlığa Kömək Milli Fondu və digər qurumların bu sahədəki işinin səmərəsi daha da artdı. Ölkə rəhbərinin sahibkarlığın inkişafına dövlət dəstəyinin davam etdirilməsi, iş adamlarına güzəştli kreditlərin verilməsi, lisenziyaların ləğvi, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2015-ci il 1 noyabr tarixindən 2021-ci il 1 yanvar tarixinədək dayandırılması ilə bağlı tapşırıqları isə, təkcə sahibkarlara yox, ölkəmizdə istehsal sahələrinin genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına, qeyri-neft sektorunun inkişafına, ixrac qabiliyyətli məhsulların istehsalının artırılmasına göstərilən diqqət və qayğıdır. Son illərdə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib, bu hesaba 160 minə yaxın yeni iş yeri yaradılıb. Bu və digər ciddi islahatlar, eyni zamanda Prezident İlham Əliyevin sahibkarlarla görüşləri, bir çox müəssisələrin açılışında şəxsən iştirakı ölkə iqtisadiyyatı və onun əsasını təşkil edən sahibkarlığın inkişafında mühüm rol oynayır. Sahibkarlığa göstərilən siyasi, mənəvi, maliyyə dəstəyi, onlara edilən güzəştlər Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdir. Sahibkarlar üçün Regional İnkişaf Mərkəzlərinin yaradılması isə qeyri-neft sektorunun inkişafına növbəti dəstəyin əlamətidir. Xaçmaz rayonundan sonra Yevlax rayonunda tikilib istifadəyə verilən ikinci regional inkişaf mərkəzi – Aran Regional İnkişaf Mərkəzinin açılışında (17 aprel 2017-ci il) Prezident İlham Əliyevin iştirakı, dövlət başçısının sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsinin həmin Mərkəzdə keçirilməsi deyilənləri bir daha təsdiq edir.

Qəbul edilən qərarlar iqtisadiyyatın daha da şaxələndirilməsi üçün yaxşı imkanlar açır, xüsusilə qeyri-neft ixracı ilə bağlı atılan addımlar müsbət nəticələr verir. Artıq ölkəmizdə investisiyanın və ixracın təşviqi sistemlərinin tətbiqi də uğurla icra edilir. Bu sistemlərin tətbiqi, eləcə də lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsi sahibkarların işini yüngülləşdirir, onların özlərinə inamını daha da artırır.

“Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün atılan praktiki addımlar nəticəsində artıq bu brend dünyada şöhrət qazanıb. İqtisadiyyat Nazirliyinin nəzdində Publik Hüquqi şəxs statuslu “Kiçik və orta sahibkarlığın inkişafı Agentliyi” də yaradılıb, məqsəd bu sahədə idarəetmənin təkmilləşdirilməsidir. Ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, son 15 ildə sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə artaraq 900 mini ötüb, onların əksəriyyətini kiçik və orta sahibkarlıq təşkil edir. Özəl sektorun ÜDM-də payının 84 faiz təşkil etməsi də son illər bu sahədə aparılan məqsədyönlü tədbirlərin nümunəsidir. Özəl sektorun məşğulluqdakı payı 76 faizə çatıb.

Təbii ki, iqtisadi islahatlar ümumi inkişafı müəyyən edir, iqtisadi müstəqillik isə ölkənin siyasi müstəqilliyini şərtləndirir. Azərbaycan dünyada uğurlu, müstəqil xarici siyasət aparan ölkədir. Bunun təməli, həm də iqtisadi müstəqilliklə bağlıdır. Sahibkarlara dövlət qayğısı, Prezident İlham Əliyev tərəfindən göstərilən dəstək isə onların fəaliyyəti üçün gözəl şərait, yeni imkanlar deməkdir. Ölkəmizdə “Sahibkarlar günü”nün qeyd olunması da bir daha təsdiq edir ki, dövlət hər zaman sahibkarların yanındadır.