Siyasət

Milli Məclisin növbəti plenar iclası keçirilib

24-04-2018 | 16:12        

  

Milli Məclisin iclasında İnsan hüquqları üzrə Müvəkkil illik məruzəsini təqdim edib. İclasda “Peşə təhsili haqqında” yeni qanun layihəsi qəbul olunub. Millət vəkilləri yenilənən “Məşğulluq haqqında” qanun layihəsini də müzakirə ediblər.

Ombudsmanın “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2017-ci il üzrə illik məruzəsində insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təminatı sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə, elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyət və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələr əksini tapıb. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova diqqətə çatdırdı ki, il ərzində vətəndaşlardan 18 400  müraciət daxil olub. Ümumilikdə isə, bu institutun 16 illik fəaliyyəti dövündə edilən müraciətlərin sayı 167 mindən çox olub. Ötən il də ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təminatı, sosial vəziyyətinin və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Ombudsman çıxışında dövlət başçısının Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının böyük rəğbətlə qarşılandığını dedi. Əlavə etdi ki, Azərbaycanda tətbiq olunan əfv və amnistiya təcrübəsi də bir sıra ölkələr üçün yaxşı humanist nümunə kimi təqdim edilir. Millət vəkilləri məruzədə irəli sürülən bir sıra təklifləri də dəstəklədilər. Məsələn, Ombudsman aliment borcları üzrə aliment fondunun və ya buna bənzər səmərəli mexanizmin yaradılmasını təklif edib. Müvəkkilin 2017-cı ildəki fəaliyyətini dəyərləndirən millət vəkilləri vurğuladılar ki, ombudsman səlahiyyətləri çərçivəsində qanunvericilyə uyğun çalışıb. Vətəndaşlarla, əlaqədar qurumlarla yaxından, səmərəli iş aparıb, beynəlxalq əlaqələrini genişləndirib. Millət vəkilləri gələcəkdə nəzərə alınması üçün bəzi təkliflər də sələndirdilər. İllik məruzə səsvermə ilə nəzərə alındı. İclasda "Peşə təhsili haqqında" yeni qanun layihəsi də qəbul olundu. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibəyli bildirdi ki, sənəd birinci və ikinci oxunuşdan sonra daha da təkmilləşdirilib. 5 fəsil, 26 maddədən ibarət layihədə peşə təhsilinin dövlət standartları, sistemin quruluşu, özəl və bələdiyyə peşə təhsil müəssisələrinin yaradılması, peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi, maliyyələşdirilməsi, Azərbaycanda Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması və digər məsələlər yer alıb. Layihədə peşə təhsilinin ilk peşə, texniki və yüksək texniki peşə təhsili səviyyələri müəyyənləşib. Eləcə də texniki peşə məktəblərinin 3 forması- peşə məktəbləri, peşə litseyi, peşə təhsil mərkəzləri müəyyən edilib. Mülkiyyət formasından asılı olaraq peşə təhsili müəssisələrinin dövlət, özəl və bələdiyyə təhsil müəssisələri kimi fəaliyyət göstərməsi yer alıb. “Azərbaycan Ədliyyəsinin 100 illiyi” yubiley medalı da təsis edilir.

Milli Məclis sədrini birinci müavini Ziyafət Əsgərov diqqətə çatdrıdı ki, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı Milli Məclisdə də tədbirlər planı təsdiqlənib və müvafiq iş aparılır. İyunda isə parlamentdə çoxsaylı qonaqların iştirakı ilə tədbir keçiriləcək. İclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi ikinci səsvermə ilə qəbul olundu. “İşsizlikdən sığorta haqqında” qanunun tətbiqi ilə əlaqədar İnzibati Xətalar, Cinayət, Vergi Məcəllələrində və daha bir neçə sənəddə dəyişikliklər edildi. “Müflisləşmə və iflas haqqında" qanuna isə borclunun ləğv edilməsinə maksimum yol verməmək üçün sağlamlaşdırma tədbirlərinin tətbiqinə imkanlar və mexanizmlər yaratmaq məqsədi ilə dəyişikliklər olundu. Bu isə iş yerlərinin saxlanmasına, ödəmə qabiliyyətinin bərpasına və kreditorların tələblərinin daha dolğun ödənilməsinə imkana yaradcaq. Gündəlikdəki sonuncu məsələ yenilənən "Məşğulluq haqqında" qanun layihəsi idi. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirdi ki, “Məşğulluq haqqında” mövcud qanunun qəbulundan ötən 17 ildə bazar münasibətlərinin inkişafı, bütün səviyyələrdə aparılan islahatlar yeni tələblər müəyyənləşdirib və bu da adı çəkilən sənədin yenilənməsini zəruri edib.

Yeni layihədə məşğul şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə məşğul şəxslərin reyestrinin elektron formada aparılması nəzərdə tutulub. Həmin məlumat bazası ölkədə əmək bazarı ilə bağlı dolğun və obyektiv informasiya bazasının formalaşdırılmasına səbəb olacaq. Sistemdəki dəyişikliklər ölkənin əmək bazarındakı prosesləri izləməyə və təhlil etməyə, lazımı addımların atılması üçün təkliflər hazırlamağa imkan verəcək. Muzdla işləyən şəxslər ilk dəfə olaraq layihədə dəqiq müəyyənləşdirilib. Eyni zamanda, hazırkı qanunda əksini tapmayan ailə kəndli təsərrüfatının üzvlərinin də yeni qanun layihəsində məşğul şəxslərə aid edilməsi nəzərdə tutulur. Layihədə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyənləşib. İlk dəfə olaraq işaxtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir. Onlar bu hüquqdan istifadə etmədikdə isə bu, sistem tərəfindən edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən 5 günə endirilir. Layihəyə ilk dəfə olaraq vakansiya bankının yaradılması ilə bağlı xüsusi maddə daxil edilib. Vakansiya bankının elektron informasiya sistemində işəgötürənlərin yeni yaradılan iş yerləri və vakansiyalar barədə məlumatlar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılması nəzərdə tutulur.

Yeniliklərdən biri də işsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması və ona işə düzəlməkdə kömək göstərilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən fərdi məşğulluq proqramının tərtib edilməsi olacaq. İşsiz kimi qeydiyyata alınanlar qeydiyyata alındıqdan sonra 5  iş günü müddətində yaşayış yeri üzrə Xidmətin yerli orqanlarına gələrək və ya onlayn rejimdə məsləhət xidmətindən keçərək, fərdi məşğulluq proqramını əldə edəcəklər. Layihədə işaxtaran və işsiz şəxslərin sosial təminatlarında əlavələr olunub, peşə hazırlığı aldığı dövrdə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcəyi nəzərdə tutulub. Bu məbləğ hazırkından 1,7 dəfə çoxdur. Sənəd birinci oxunuşda səsvermə ilə qəbul olundu.