Xarici xəbərlər

Dünyada baş verən ən son hadisələr

24-04-2018 | 10:46        

  

Drezdendə İslam dini və miqrantlar əleyhinə növbəti nümayiş keçirilib

Almaniyanın Drezden şəhərində  sağyönümlü “Pegida” hərəkatının çağırışı ilə İslam dini və miqrantlar əleyhinə növbəti nümayiş keçirilib. Aksiyaya hərəkatın 1000-dən çox tərəfdarı qoşulub. Yürüş iştirakçıları Almaniya hökumətinin qaçqınların qəbulu ilə bağlı siyasətini tənqid edib, miqrantlara sığınacaq verilməsinə qarşı çıxıblar. Onlar miqrant axınının qarşısını almaq üçün sərhədlərin bağlanmasını tələb ediblər. Aksiyada iştirak edən sağyönümlü siyasətçilər antimiqrant və islamafob çıxışlar ediblər. Nümayiş zamanı asayişin qorunmasına çox sayda polis cəlb olunub.

Torontoda mikroavtobusun qəsdən piyadaların üzərinə sürülməsi nəticəsində 10 nəfər ölüb, 15 adam xəsarət alıb

Kanadanın Toronto şəhərinin mərkəzində sürücü idarə etdiyi mikroavtobusu qəsdən piyadaların üzərinə sürüb. Hadisə nəticəsində azı 10 nəfər ölüb, 15 adam xəsarət alıb. Hüquq-mühafizə orqanları hücumu törədən şəxsin adını açıqlayıb. Bu, 25 yaşlı Alek Minasyandır. Bəzi KİV-lər sürücünün erməni əsilli olduğunu yazır. Alek Minasyan hadisə yerindən qaçsa da qısa zamanda polislər tərəfindən saxlanılıb. Şahidlərin sözlərinə görə Minasyan yüksək sürətlə idarə etdiyi mikroavtobusu səkiyə sürərək insanları vurub. Cinayətin motivləri hələ ki məlum deyil. Toronto polis idarəsinin rəisi Mark Sonders keçirdiyi mətbuat konfransında sürücünün hücumu əvvəlcədən planlaşdırdığını və qəsdən törətdiyini bildirilib.  Hücumun terror aktı olması da istisna olunmur. Qeyd edək ki, hadisə Torontoda “Böyük yeddilik” ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilən vaxt baş verib.

Suriyalı qaçqınlara yardım etmək üçün BMT-nin 650 milyon dollara ehtiyacı var

Suriyalı qaçqınlara yardım etmək üçün 2018-ci ilin sonuna qədər BMT-nin Ümumdünya Ərzaq Proqramının büdcəsinə 650 milyon dollar tələb olunur. Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Yakob Kern məlumat verib. Onun sözlərinə görə ölkə ərazisində təxminən 6 milyon suriyalı qaçqını ərzaqnan təmin etmək üçün 313 milyon dollar lazımdır. Daha 300 milyon dollar Livan və İordaniyaya qaçmış 5,6 milyon suriyalının ehtiyaclarını ödəmək üçün tələb olunur. Ümumdünya Ərzaq Proqramının İordaniyadakı nümayəndəsi Ralf Züdhoff bildirib ki, dünya ictimaiyyəti Yaxın Şərqin hüdudlarından kənara çıxmamış suriyalı qaçqınları təmin etmək üçün lazımi vəsait ayırmasa, 2014-2015-ci illərdəki miqrasiya böhranı təkrarlana bilər. BMT-nin hesablamalarına görə hazırda Yaxın Şərq regionunda 11 000 suriyalı qaçqın sığınacaq axtarışındadır. Onların təxminən yarısı ölkəni tərk etməyib. Suriyadan İordaniyaya 3 milyon, Livana 1 milyon adam qaçıb.

Aralıq dənizində 63 miqrant xilas edilib

Aralıq dənizi sahillərində 63 miqrant xilas edilib. Həddindən artıq yüklənən qayığın aşdığı bildirilir. Xilasetmə əməliyyatına İtaliya sahil-mühafizə xidməti və qeyri-hökumət təşkilatlarının əməkdaşları cəlb edilib. Xatırladaq ki, iki gün əvvəl Aralıq dənizinin Liviya sahillərində sudan 11 miqrantın cəsədi çıxarılmışdı. Yüzlərlə miqrant isə xilas edilərək İtaliyaya aparılmışdı. 

Quandun əyalətində karaoke-barda yanğın nəticəsində 18 nəfər ölüb

Çinin Quandun əyalətində karaoke-barda güclü yanğın baş verib. Hadisə nəticəsində 18 nəfər ölüb, 5 adam yanıq xəsarətləri alıb. Polis yanğının qəsdən törədildiyini ehtimal edir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.