Bölgələr

Şamaxı şəhəri və Samux rayonunda icməli su təchizatı sistemləri yenidən qurulur

24-04-2018 | 09:22        

  

“Azərsu” ASC tərəfindən Şamaxı şəhərində içməli su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması və tikintisi layihəsi uğurla davam etdirilir. Samuxda isə içməli su təchizatı sisteminin yenidənqurulmasına başlanıb. İcra olunan layihələrə əsasən ümumi tutumu 13 min kubmetr olan 6 su anbarı tikilir. 14 kilometrə yaxın magistral kəmər tikilir və 144 kilometr daxili su şəbəkəsi yaradılır.

Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı şəhərində su təchizatı və kanalizasiya şəbəkələri yaradılaraq, əhalinin istifadəsinə verilib. Şəhərdə sugötürücü qovşaq və baş su təchizatı qurğuları inşa olunub. Sakinləri keyfiyyətli və dayanıqlı su ilə təmin etmək üçün “Azərsu” ASC tərəfindən Pirsaatçayın məcrasında məhsuldarlığı saniyədə 120 litr olan drenaj tipli suqəbuledici qurğu, xlorlaşdırma binası, həcmi min kubmetr olan iki su anbarı, bir su nasos stansiyası tikilib. Su mənbəyindən anbarlara qədər 3,4 kilometr magistral kəmər çəkilib. Hazırda su təchizatı və kanalizasiya şəbəkəsinin genişləndirilməsi məqsədi ilə alternativ mənbələr yaradılır. Ümumi tutumu 8 min kubmetr olan 4 ədəd anbar inşa edilir.

Rayonda su təchizatının belə qısa zamanda yaxşılaşdırılması əhalinin böyük razılığına səbəb olub. Onların sayı isə minlərlədir. Belə ki, şəhərin  su təchizatı və kanalizasiya  sistemi yenidən qurulduqdan sonra 40 minə qədər sakinin işi asanlaşıb. Elə Şamaxı sakini Zakir Nəcəfov da deyir ki,  vaxtiylə suyun az olması təkcə  həyətyanı sahənin əkilməsində deyil, məişətdə də bir sıra çətinliklər yaradıb.

Şamaxıda su təchizatının yaxşılaşdırılması ilə yanaşı, su sərfiyyatının normaya salınması, sudan qanunsuz istifadə və itkilərin qarşısının alınması məqsədilə sayğaclaşma da sürətlə davam edir.

Samuxda içməli su təchizatı sisteminin yenidən qurulması layihəsinə əsasən 5 min kub metr tutumu olan 2 su anbarı və uzunluğu 10 min metrə yaxın içməli su xətti çəkiləcək.  Cari ilin yanvarında  Azərsu ASC-nin sifarişi ilə  icrasına başlanılan layihə üzrə nəzərdə tutulan işlərin 70 faizi qısa zamanda yerinə yetirilib. Ayrılan 2 hektara yaxın ərazidə qazıntı və torpaq işləri yekunlaşıb. 2 su anbarının döşəməsi və divarları artıq hazırdır. Metal konstruksiya işləri də yekunlaşmaq üzrədir. Qeyd edək ki, su anbarlarının tikintisində 600 ton metal konstruksiyadan və 6 min kub metr beton qarışığından istifadə olunacaq. Yəni keyfiyyətə söz ola bilməz.

5 min kub metrlik 2 su anbarı Gəncə şəhərindəki 25 min kub metr su tutumu olan anbardan qidalanacaq. Bunun üçün 400 millimetrlik polietilen borularla 5 min metr uzunluğunda magistral su xəttləri çəkilib. İyun ayında istifadəyə verilməsi nəzərdə tutulan bu layihə sayəsində Samuxda əhalinin içməli suya olan tələbatı tam ödəniləcək. Verilən vədə vaxtında əməl etmək üçün əraziyə kifayət qədər işçi qüvvəsi və texnikacəlb olunub.