Cəmiyyət

Əhalinin içməli su təchizatı yenilənir

20-04-2018 | 14:49        

  

Regionların, eləcədə,  Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində Sabunçu və Xəzər rayonlarında əhalinin içməli su ilə təhcizatı yaxşılaşır. Daha bir layihə isə paytaxtın Nəsimi rayonunda Mir-Cəlal Pşayev küçəsində icra edilir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə “Archico” MMC tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsi və Albalılıq yaşayış massivində əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində layihə həyata keçirilir. Su təchizatının yaxşılaşdırması məqsədi ilə diametrləri 530-820 millimetr arasında, uzunluğu 13,3 kilometr magistral su kəməri, eləcə də diametrləri 110-450 millimetr olan, 13 kilometrlik paylayıcı su şəbəkəsinin inşası həyata keçirilir. Hazırda magistral xətlərinin çəkilişi aparılır və 2 aya işlərin başa çatdırılmasından sonra paylayıcı şəbəkənin də çəkilişi nəzərdə tutulur.

Əraziyə suyun verilməsi isə limitsiz olacaq. Daimi su təchizatı Maştağa və Buzovna qəsəbələrində yerləşən su rezervuarlarından ikitərəfli olaraq təmin ediləcək. Bu vaxta qədər abonentlərin istifadəsində olan və əhalinin kustar üsullarla çəkdiyi qanunsuz qoşulmalar ləğv ediləcək.

İçməli su təminatı ilə bağlı daha bir  layihə Xəzər rayonunun Buzovna qəsəbəsində icra olunur. Qəsəbənin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılır. İşlərin 95 faizi artıq başa çatdırılıb. Diametri 110-530 millimetr, uzunluğu 15 kilometr olan magistral su kəmərinin çəkilişi tamamlanıb.

Buzovna qəsəbəsində həyata keçirilən işlər sırasında birinci mərhələdə bina evlərinin, daha sonra həyət evlərinin içməli su ilə təchizatı təmin ediləcək.

Paytaxtın Mir-Cəlal Paşayev küçəsində aparılan yenidənqurma işləri hesabına yol üzərindəki kommunikasiya xəttləri də yenilənir. Digər kommunal xətllərlə yanaşı yol boyu 2,1 kilometrlik su xətti də yenilənir. Su xəttinin 850 metri 355-850 dimetrlik, 680 metri isə 315 diametrli borulardır. Əhalinin içməli suya olan tələbatını ödəyəcək bu boru xətləri yüksək keyfiyyətli plastik materiallardandır.

Hazırda ərazidə son tamamlama işləri aparılır. May ayında işlərin başa çatdırılması planlaşdırılır.