İqtisadiyyat

2018-ci ilin birinci rübündə Bakının rayonlarında sosial-iqtisadi inkişafı davam edib, bütün sahələrdə uğurlu nəticələr əldə olunub

20-04-2018 | 14:39        

  

2018-ci ilin birinci rübündə Səbail rayonunun sosial-iqtisadi inkişafı davam edib, bütün sahələrdə uğurlu nəticələr əldə olunub, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb. Hazırda bir sıra müxtəlif təyinatlı obyektlərin, 2 mehmanxananın tikintisi, İncəsənət muzeyinin əsas binasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin əsaslı təmiri davam edir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bayılda 157 nömrəli uşaq bağçası yenidən tikilib. İDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində Badamdar qəsəbəsində abad həyət istifadəyə verilib. Şəhər mərkəzində yerləşən yaşayış binalarının fasadlarında rəngləmə işləri aparılıb, küçələrdə və istirahət parklarında təmir işləri görülüb. Badamdar yolunun müasir standartlara uyğun yenidənqurulması davam edir. Köhnəlmiş yaşayış binalarının yerində müasir binaların tikintisi ilə bağlı 14-dən çox müasir layihə təsdiq olunub. Artıq bir çox ünvanda yaşayış binalarının tikintisi sürətlə aparılır. Rayonda 1438 yeni iş yeri açılıb. Bu barədə məlumat verən rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov həyata keçirilən mühüm layihələrin davam edəcəyini vurğuladı. Yığıncaqda qarşıda duran vəzifələr müzakirə olundu, sakinləri maraqlandıran suallar cavablandırıldı.

Paytaxtın Yasamal rayonunda genişmiqyaslı layihələr reallaşdırılır. Küçə, prospekt və parklarda abadlıq işləri davam etdirilir, yol infrastrukturu yenidən qurulur. Rayon ərazisində Hacı Cavad məscidinin yeni binasının açılışı olub. Təmirə ehtiyacı olan 10 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri aparılıb. 16 məhəllədə abad həyətlərin yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Böyük strateji əhəmiyyəti olan Əsəd Əhmədov küçəsinin Xarici Dairəvi yoldan başlayaraq Şərifzadə küçəsinə qədər uzanan 3100 metr hissəsinin yenidən qurulmasına başlanıb. “Pilot Layihə” əsasında 9 qəzalı bina sökülərək yerində yeniləri tikilir. Yeni Yasamal yaşayış massivində istirahət parkının yenidən qurulmasına başlanıb. “Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsi kimi irimiqyaslı layihənin ilk 2 mərhələsi artıq başa çatıb. “Qanlı Göl”ün şimal hissəsində tikinti işləri davam etdirilir. Bütün bunlar təşkil olunan yığıncaqda müzakirə olunub. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bidirdi ki, əhalinin sosial rifah halının yaxşılaşdırılması, sosialyönümlü layihələrin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək. Tədbirdə qarşıda duran vəzifələr müzakirə olundu.  

İlin birinci rübü ərzində Binəqədi rayonunda 72 milyon  627 min manatlıq sənaye  məhsulu istehsal edilib. Tikinti sektorunda bütün maliyyə mənbələri hesabına 10 mln 242 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 98 mln 320 min manat təşkil edib. 1120 yeni iş yeri açılıb. Sakinlərinin sosial problemləri diqqətdə saxlanılır və həllini tapır. Məşğulluq, sahibkarlıq fəaliyyəti, elektrik enerjisi, təbii qaz, istilik, su və digər  xidmətlərdə  təminatın yaxşılaşdırılması sahəsində mühüm layihələr həyata keçirilir. Həmçinin rayon üzrə əhalinin içməli su təchizatı və kanalizasiya sahəsində şəbəkənin yaxşılaşdırılması istiqamətində zəruru tədbirlər davam etdirilir. Genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, mikrorayonlarında və qəsəbələrdə yeni parklar, yaşayış məntəqələrində nümunəvi məhəllələr, yol kənarlarında landşaft memarlığına uyğun çəmən örtüyü salınır. “Pilot Layihə” formatında Binəqədi rayonu üzrə qəzalı vəziyyətdə olan binaların yerində yeni çoxmənzilli yaşayış binaların tikintisi davam etdirilir. Təşklil olunan yığıncaqda Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İskəndərov bu barədə məlumat verdi. İclasda qarşıda duran vəzifələr müzakirə olundu.

Suraxanı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq, təmir-bərpa işləri davam edib. Küçələrə və məhəllədaxili ərazilərə 16,3 min kvadratmetr asfalt örtüyü çəkilib, Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri davam etdirilib. 2457 paqonometr su, 198 paqonometr kanalizasiya və 1850 paqonometr qaz, 470 metr hava elektrik xətti çəkilib. Rayon əhalisinin 100%-i elektrik enerjisi, 98%-i qaz, 96%-i fasiləsiz su ilə təmin olunur. Yararsız və ya qəzalı binalarının yerinə yenilərinin inşası ilə bağlı dövlət başçısının tapşırığına uyğun olaraq, bir sıra pilot layihələr həyata keçirilir. Qaraçuxur qəsəbəsindəki Neftçilər parkında əsaslı təmir, İDEA İctimai Birliyinin təşəbbüsü ilə “Abad həyət - Sağlam həyat” layihəsi çərçivəsində abad məhəllənin salınması işləri davam etdirilib. İşsiz vətəndaşların ödənişli ictimai fəaliyyətə cəlb olunması proqramı çərçivəsində rayonda 1362 yeni iş yeri yaradılıb, yaşayış binalarının təmiri işlərinə 714 nəfər işaxtaran şəxs cəlb edilib. Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov yığıncaqda bu barədə məlumat verdi. Qeyd edildi ki, prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da rayonda hərtərəfli inkişaf təmin olunacaq. Iclasda qarşıda duran vəzifələr müəyyənləşdirildi.